SDU-nun Tarix və coğrafiya fakültəsində Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtıdır adlı tədbir keçirildi
Aprelin 26-da Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsində Şuşa şəhəri 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtıdır» adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev açaraq, Azərbaycan xalqının qəlbində, o cümlədən Türk dünyasında Şuşa sevgisindən bəhs edərək qeyd etdi ki, Qarabağın incisi sayılan Şuşa şəhəri zəngin tarixi inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, eləcə də ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini həmişə qoruyub-saxlayan bu şəhər yetişdirdiyi böyük şəxsiyyətləri ilə Azərbaycanın və bütünlükdə Türk dünyasının ədəbi, mədəni, elmi və ictimai fikir səlnaməsinə silinməz səhifələr yazmışdır. Məhz buna görə də, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi heç də təsadüfi deyildir. TÜRKSOY-un müvafiq qərarına əsasən Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi mühüm tarixi əhəmiyyətə malik hadisədir. Professor Adil Baxşəliyev bildirdi ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Sumqayıt Dövlət Universitetinin Tədbirlər Planına müvafiq olaraq silsilə tədbirlərin keçirilməsi mədəniyyət paytaxtımızın irsinin təbliğinə və tələbə gənclərin Vətən sevgisinin möhkəmləndirilməsinə töhfə verəcək.
Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Şuşa şəhərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Şuşa şəhərinin inkişafına xüsusi diqqət ayırmışdı. Məhz Ulu Öndər sayəsində Şuşa şəhərinin tarixi memarlıq abidələri qorunub-saxlanmış, ümumittifaq səviyyəli kurort-sanatoriya şəhərinə çevrilmiş, M.P.Vaqifin məqbərəsi, “Vaqif Poeziya Evi”, şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuş, ermənilərin əsassız iddialarının qarşısı alınmışdır. Ulu Öndər Heydər Əliyev Şuşa haqqında deyirdi: Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, təkcə Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük şəhər deyil, həm də böyük bir tarixi abidədir.
Daha sonra Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Yusifəli Həsənov “Şuşa şəhərinin Türk dünyasına qazandırdığı tarixi şəxsiyyətlər”, kafedranın müəllimi Leyla Əliyeva “Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin tarixi əhəmiyyəti”, Tarix və coğrafiya fakültəsinin I kurs magistrantı Anar Qurbanov “Şuşa şəhərinin bərpası və inkişafı strategiyası” mövzularında çıxış etdilər. Bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin Şuşa şəhərinin inkişafında danılmaz tarixi rolu onun layiqli siyasi varisi, ölkə rəhbəri İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə gündən-günə inkişaf edir, tarixi əzəmətini bərpa edir və sürətlə işğaldan əvvəlki xoşbəxt çağlarına qovuşur.
Tədbirin sonunda tələbələr tərəfindən “Şuşa sən azadsan!” adlı bədii kompozisiya və Şuşa haqqında videoçarx nümayiş etdirildi.
Mətbuat xidməti