Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Yerləşdirilmə tarixi : 03 May 2023 16:24
Elmi Şuranın növbəti iclası keçirildi
Mayın 3-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi. Universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, Elmi Şuranın sədr müavini dosent Natiq Talıbov iclası giriş sözü ilə açaraq şura üzvlərini salamladı və gündəlikdəki məsələləri bir daha Elmi Şura üzvlərinin nəzərinə çatdırdı və gündəlik təsdiq olundu.
Sonra gündəlikdə olan məsələlər müzakirə olundu.
2022/23-cü tədris ilində magistrantların elmi-tədqiqat, elmi-pedaqoji təcrübələrinin və attestasiyalarının nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov geniş məlumat verdi. Qeyd etdi ki, tədris planında nəzərdə tutulduğu kimi, II kurs magistrantların elmi-tədqiqat və elmi pedaqoji təcrübələri qrafikə uyğun olaraq tam yerinə yetirilmişdir.
Aparılan müzakirələrdən sonra fakültə Elmi Şuralarında II kurs magistrantlarının attestasiyalarının nəticələri qənaətbəxş hesab edildi. Magistrantların magistr dissertasiyalarının dəqiq yoxlanılması, o cümlədən antiplagiat proqramından keçirilməsi, həmçinin istedadlı, çalışqan, universitetin ictimai işlərində fəal iştirak edən magistrantların müəyyənləşdirilməsi fakültə dekanlarına və DMŞ-nin müdiri dosent Sabir Xəlilova tapşırıldı.
SDU-nun dövri və qeyri-dövri nəşrlərinin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və səmərəli fəaliyyətinin təşkili sahəsində təcrübə mübadiləsi məqsədilə universitetin nümayəndə heyətinin Moskva şəhərinə işgüzar səfərinin nəticələri və qarşıda duran vəzifələr barədə Elmi hissənin müdiri dosent Samir Orucov məlumat verdi. Bildirdi ki, SDU-nun 2020-2025-ci illər üçün “Strateji inkişaf planı”nda nəzərdə tutulan hədəflərə çatmaq məqsədilə nümayəndə heyəti Rusiya Elmi İstinad İndeksi (REİİ) və Elmi Elektron Kitabxanada (e-Library.ru) olmuş,“Elmi nəşrlərin e-Library.ru platformasında irəliləməsinin təşkili” mövzusunda elmi-praktiki seminarda iştirak etmişlər və SDU-nun “Elmi xəbərlər” jurnalının “e-Library.ru” platformasının Ядро РИНЦ (RSCİ) bölməsində təmsil olunması istiqamətində birgə əməkdaşlıq imkanlarını müzakirə etmişlər. Rusiya Dövlət Humanitar Universitetində (RDHU) keçirilən görüşdə həmin universitetin tələbələrinin bir tədris semestri ərzində Sumqayıt Dövlət Universitetində Azərbaycan dili üzrə nitq mühitində təcrübə əldə etmələri və nitq bacarıqlarının artırılması məqsədilə təhsil almalarının təşkili məsələlərini ətraflı müzakirə etmişlər.
Sonra SDU-nun “Elmi xəbərlər” jurnalının “e-Library.ru” platformasının Ядро РИНЦ (RSCİ) bölməsində təmsil olunması istiqamətində görülən işlərin ardıcıllığının müəyyənləşdirilməsi, sistemləşdirilməsi və məqsədyönlü formada həyata keçirilməsinə nəzarət Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova tapşırıldı.
Startap layihələrinin hazırlanması, respublika və beynəlxalq səviyyəli müsabiqələrə təqdim olunması istiqamətində görülən işlərin vəziyyəti və gücləndirilməsi barədə Avtomatika və idarəetmə kafedrasının müdiri, İnnovasiya Yaradıcılıq Mərkəzinin direktoru professor Cavanşir Məmmədov geniş məruzə etdi. Qeyd etdi ki, SDU tələbələrinin startap layihələri mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli müsabiqələrin qalibi olmuş və mükafatlandırılmışdır, 2022-ci ildə Azərbaycanın Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən EdTech startap müsabiqəsində və Macarıstanda keçirilən startap müsabiqəsində SDU-nun komandası 10 ən yaxşı komanda sırasında yer tutmuşdur. Onu da vurğuladı ki, ötən illərdə SDU-nun 3 startap layihəsi ABŞ-da keçirilən İSEF Future Scientists sərgisində təmsil olunmuşdur, Sabahın alimləri 2023 İSEF müsabiqəsində SDU-nun 7 layihəsi mükafatlandırılmış, 1 layihə isə Amerikada keçiriləcək dünya birinciliyində iştirak etmək imkanı qazanmışdır.
Startap layihələrinin məzmun və forma cəhətcə daha da təkmilləşdirilməsi, respublika və beynəlxalq səviyyəli müsabiqələrə yüksək keyfiyyətli layihələrin təqdim olunmasının təmin edilməsi professor Cavanşir Məmmədova tapşırıldı.
SDU-nun ölkənin aparıcı şirkət və müəssisələri ilə əməkdaşlığının genişləndirilməsinə dair Ümumi işlər üzrə prorektor Əsəd Məmmədov çıxış etdi. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti özəl və dövlət müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə ciddi səy göstərilir. Qeyd etdi ki, aparıcı şirkət və müəssisələrlə əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə 18.04.2023-cü il tarixində SDU ilə Bakı Ali Neft Məktəbi və “SOCAR Downstream Management” MMC arasında anlaşma memorandumu imzalanmışdır. Həmçinin SDU ilə İtaliyanın ən böyük neft-qaz şirkətlərindən olan SAİPEM arasında əlaqələr yaradılmış və SDU tələbələrinin həmin şirkətin müəssisələrində istehsalat təcrübələrini keçməsi məsələsi razılaşdırılmışdır.
SDU-nun ölkənin aparıcı şirkət və müəssisələri arasında  əməkdaşlığının genişləndirilməsinə fakültə dekanlarına, kafedra müdirlərinə və müvafiq struktur rəhbərlərinə tapşırıldı.
Daha sonra cari məsələlər üzrə müzakirələr aparıldı, Elmi katib professor Muxtar Səmədov SDU Elmi Şurasının komissiyalarının tərkibində bəzi dəyişikliklər barədə məlumat verdi. Professor Məhəmməd Əhmədovun SDU-nun Elmi Şurasının tərkibində fəaliyyət göstərən İntizam komissiyasının tərkibindən çıxarılaraq, Təhsil və elm üzrə komissiyanın tərkibinə daxil edilməsini təklif etdi. Neft kimyası və kimya mühəndisliyi kafedrasının sabiq doktorantı Xəyalə Hacıyevanın dissertasiya işinin yeni redaksiyada mövzusu və elmi rəhbəri təsdiq edildi.
İclasda SDU-nun Linqvistik Mərkəzinin fəaliyyətinin dayandırılması barədə müzakirə aparıldı və müzakirələrdən sonra Linqvistik Mərkəzin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edildi.
Sonra Elmi katib professor Muxtar Səmədov tədris vəsaitlərinə nəşr hüququn (qrif) verilməsi ilə əlaqədar çıxış etdi, bildirdi ki, Elmi Şuraya 27 adda tədris vəsaiti daxil olub ki, onlardan 5-i  dərs vəsaiti, 1-i metodik vəsait, 17-i fənn proqramı və 4-ü təcrübə proqramıdır. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Müsabiqələrin keçirilməsi və elmi adların verilməsi barədə də məlumat verən professor bildirdi ki, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Rafail Məmmədov, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının dosenti Xəyalə Əliquliyeva, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Əzəmət Rüstəmova elmi-pedaqoji fəaliyyətlərinə görə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması üçün sənədlərini təlimata uyğun hazırlayaraq Elmi Şuraya təqdim etmişlər.
Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən hər üç əməkdaşa dosent elmi adı verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması qərara alındı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az