SDU-nun 4 və 12 saylı Sumqayıt şəhər orta məktəblərində təcrübə keçən tələbələri Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbirlər təşkil etdilər
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin 4-cü kurs tələbələri təcrübədə olduqları müəssisələrdə silsilə tədbirlər təşkil etmiş, elmi seminarlar keçirmişlər.
May ayının 3-də belə tədbirlərdən biri də Sumqayıt şəhər 4 saylı, digəri isə 12 saylı tam orta məktəblərində baş tutdu.
4 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “100 illərdir mövcud olan dilimiz” adlı ədəbi-bədii xarakterli tədbir məktəbin Böyük Akt zalında keçirildi. Tədbiri “Azərbaycan dili və ədəbiyyatı” ixtisasının 922 saylı qrupunun tələbələri məktəbin 8 və 9-cu sinif şagirdləri ilə birgə hazırlamışdı. Təcrübəçi tələbə Aytac Salmanova tədbiri açıq elan edərək giriş üçün sözü fakültənin təlim-tərbiyə işləri üzrə dekan müavini Zöhrə Qafarovaya verdi. Təşkilatçılığa görə təcrübəçi tələbələrə, eləcə də məktəb rəhbərliyinə öz təşəkkürünü bildirən Zöhrə xanım, fakültə dekanının adından tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. Daha sonra Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsindən danışdı. O bildirdi ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsillə bağlı idi. Bu gün məktəbdə keçirilən tədbir də Ulu Öndərin xatirəsinə olan ehtiramın nümunəsidir.
Daha sonra Ulu Öndərin ömür yoluna həsr olunmuş slayd və videoçarxların nümayişindən sonra tədbir məktəblilərin ədəbi-bədii kompozisiyaları, şeir və müxtəlif musiqi nömrələri ilə davam etdi.
Çıxış üçün söz Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Böyükxanım Eminliyə verildi. O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasətinin çox mühüm yer tutduğunu söylədi. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olduğunu qeyd etdi. Böyükxanım müəllimə Ulu Öndərin Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşdığını açıqladı.
Tədbirin sonunda söz məktəbin direktoru Səadət Məmmədovaya verildi. Səadət xanım təcrübəçi tələbələri təbrik etdi və təşkilatçılara təşəkkürünü bildirdi. O, belə bacarıqlı və təcrübəli tələbələr hazırladıqları üçün universitet rəhbərliyinə xüsusi minnətdarlığını ifadə etdi.
Növbəti tədbiri Sumqayıt şəhər N.Tusi adına 12 saylı tam orta məktəbdə istehsalat təcrübəsində olan Psixologiya ixtisasının IV kurs 925 saylı qrupunun tələbələri hazırlamışdı. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev siyasətində Azərbaycan təhsili” adlı elmi-praktik seminarda ilk söz Filologiya fakültəsinin təlim-tərbiyə işləri üzrə dekan müavini Zöhrə Qafarovaya verildi. O bildirdi ki, Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində islahatın memarı və qurucusu idi. Onun hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində də tənəzzülün qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yaratdı. Təcrübəçi tələbələrə seminarda uğurlar arzulayan Zöhrə xanım həm fakültə rəhbərliyi, həm də öz adından seminarın təşkilində zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi. Seminar proqram üzrə davam etdi. Həm aparıcı, həm də məruzəçi kimi çıxış edən təcrübəçi tələbə Tahir Məmmədli “Qloballaşma şəraitində təhsil sistemi” adlı təqdimatı ilə digər tələbələrdən seçildi. Daha sonra Ceyhunə Hüseynzadə "Heydər Əliyev və Azərbaycan təhsili", Zeynəb Kazımova “Təhsil sistemində şəxsiyyətin formalaşdırılması imkanları”, Nurlan Rəcəbov “Müəllim-şagird münasibətləri stimullaşdırma və motivasiya vasitəsi kimi” mövzularında çıxışlar etdilər.
Sonda məktəbin direktoru Reyhan Baxşıyeva, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Aytəkin Məmmədova və istehsalat təcrübəsinin rəhbəri, baş müəllim Sevinc Rzayeva da çıxış edərək təcrübəçi tələbələrə seminar üçün təşəkkür edib gələcək həyatlarında uğurlar dilədilər.
Mətbuat xidməti