SDU-da Magistrantların XXIII Respublika elmi konfransı öz işinə başladı
Mayın 11-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Magistrantların XXIII Respublika elmi konfransı onlayn formatda öz işinə başladı.
Konfransda respublikamızın elm və təhsil müəssisələrinin magistrantları, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak etdilər.
Konfransı SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı. Ölkəmizin hər yerində olduğu kimi, universitetimizdə də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davam etdiyini qeyd edərək konfransın əlamətdar bir günə ̶ Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunduğunu bildirdi və Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz rolundan danışdı.
Professor Ramazan Məmmədov qeyd etdi ki, Elm və Təhsil Nazirliyinin razılığı ilə Magistrantların Respublika Elmi Konfransı artıq 23-cü ildir ki, Sumqayıt Dövlət Universitetində keçirilir. Konfransda iştirak edənlərin sayının artması konfransın nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bu il keçirilən konfransa respublikamızın 25 elm və təhsil müəssisəsindən 900-ə yaxın məruzə materialı daxil olmuşdur. Məruzə materiallarının ilkin ekspertizasından sonra 760 tezis konfransın gündəliyinə daxil edilmiş və konfransın materialları çapa hazır edilmişdir.
Konfransın təşkilində əməyi olan əməkdaşlara və magistrantların elmi rəhbərlərinə təşəkkür edən prorektor məruzə ilə çıxış edəcək magistrantlara və konfransın işinə uğurlar arzuladı.
Plenar iclasda çıxış üçün söz müxtəlif universitetləri təmsil edən magistrantlara verildi.
Sumqayıt Dövlət Universitetinin magistrantı Leyla Meybullayeva “İ.Şopenin “İrəvan əyalətinin kameral təsviri” kitabında antroponimlərin leksik-semantik xüsusiyyətləri”, ETN-nin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı Gülanə Şükürlü “Dəmir və molibdenin alkiltsiklopentadienilkarbonil dimer komplekslərinin sintezi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Nurcan Talıblı “Smart Home İntellektual idarəetmə sistemləri”, Bakı Slavyan Universitetinin magistrantı Əli İsmayılov “Azərbaycan mühacirət ədəbiyyatında qəhrəmanlıq dastanları”, Sumqayıt Dövlət Universitetinin magistrantı Türkan Seyfullayeva “Uzunmüddətli və qısamüddətli aktivlərin fərqlənmə xüsusiyyətləri” mövzularında məruzə ilə çıxış etdilər.
İştirakçılar ənənəvi olaraq hər il SDU-da keçirilən konfransı müsbət dəyərləndirdilər. Heydər Əliyevin gənclər siyasətindən, xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik və dövlətçiliyin qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsində Ulu Öndərin xidmətlərindən danışdılar. Ölkəmizdə elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldiyini, gənclərin elmi yaradıcılığına daim diqqət göstərildiyini vurğuladılar və konfransın yüksək səviyyədə təşkilinə görə SDU-nun rektoru professor Elxan Hüseynova təmsil etdikləri universitet rəhbərlikləri adından dərin təşəkkürlərini bildirdilər.
Sumqayıt Dövlət Universitetinin Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov çıxış edərək diqqətə çatdırdı ki, konfransa Sumqayıt Dövlət Universitetindən 251, Bakı Slavyan Universitetindən 214, Naxçıvan Dövlət Universitetindən 92, Odlar Yurdu Universitetindən 60, Azərbaycan Dövlət Aqrar Universitetindən 36, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 26, digər elm və təhsil müəssisələrindən isə müxtəlif sayda məqalələr daxil olmuşdur.
Qeyd edək ki, konfrans öz işini bölmələr üzrə iki gün onlayn formatda davam etdirəcəkdir.
Mətbuat xidməti