SDU-nun Filologiya fakültəsinin müəllim və tələbələri Sumqayıt Tarix Muzeyinə ekskursiya etdilər
Mayın 11-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Sumqayıt Tarix Muzeyinə ekskursiya təşkil edildi.
Ziyarətçilər əvvəlcə muzeyin ekspozisiya zallarını gəzərək buradakı eksponatlarla tanış oldular. Muzeyin əməkdaşı gənclərə muzeyin yaranması tarixi və ekspozisiyası haqqında ətraflı məlumat verdi.
Tələbələrə məlumat verən fakültənin müəllimi, filologiya üzrə fəlsəfə doktoru İlahə Vəliyeva tələbələrə muzeylərin əhəmiyyətini xatırlatdı: “Keçmişi öyrənmək üçün ən mükəmməl, ən münasib hal muzeylərə üz tutmaqdır”. İlahə Vəliyeva bildirdi ki, Sumqayıt Tarix Muzeyi şəhərimizin tarixi ilə yanaşı, bütövlükdə Azərbaycanı - onun keçmişini, mədəniyyətini özündə əks etdirən bir məkandır. Burada həmçinin Qərbi Azərbaycanın Qafan rayonu Nəcəfi kənd Tarix-diyarşünaslıq muzeyindən "didərgin düşən” tarixi-məişət əşyaları illər uzunu muzeyin sərgi zalında "Bir elin harayı” adı altında nümayiş olunur. Kolleksiyanın tərkibində təkcə yaxın əsrlərə yox, hətta çox uzaq XII əsrə aid 60-a qədər qiymətli məişət əşyası, bir sıra kənd təsərrüfatı alətləri nümayiş etdirilir. “Köçkün muzey”in Sumqayıt muzeyində yerləşdirilməsi həm də ona görə əhəmiyyətlidir ki, onunla bütün sumqayıtlılar kimi vaxtilə bu şəhərə pənah gətirmiş, sığınmış yüzlərlə Göyçə-Zəngəzur sakinləri olan gənclər də tanış ola bilərlər.
Ekskursiya tələbələr tərəfindən maraqla qarşılandı.
Mətbuat xidməti