SDU-da “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsi keçirildi
Mayın 13-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzinin və Tələbə təşkilatlarının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tələbə və magistrantların “Ən yaxşı təqdimat” müsabiqəsi keçirildi.
Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq müsabiqədə iştirak edən tələbələri təbrik etdi və universitetdə bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissi ilə anılır. SDU-da Heydər Əliyev irsi daim öyrənilir və onun əziz xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər, beynəlxalq elmi konfranslar, konsert proqramları və digər tədbirlər, müsabiqələr təşkil olunur.
Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsi də, onun irsinin tədqiqi və təbliği istiqamətində gerçəkləşən lahiyələrdəndir. Artıq bir ənənəyə çevrilən, böyük tədbirlərdən biri hesab olunan bu müsabiqəyə tələbələrimiz dahi şəxsiyyətlə bağlı hazırladıqları təqdimatlarla qatılaraq Ulu Öndərin zəngin siyasi irsini, şərəfli ömür yolunu və çoxşaxəli fəaliyyətini geniş işıqlandırırlar.
Dosent Elmar Xəlilov onu da qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev gəncləri çox sevirdi və özünün gənclərlə bağlı siyasətində onların inkişafına, təhsilinə və digər mühüm məsələlərə diqqət və qayğı göstərirdi. Sevindirici haldır ki, ölkəmizdə Ulu Öndərin gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onların yüksək bilik və bacarıqlara yiyələnməsi ilə bağlı arzu və istəkləri həyata keçir. Onun görmək istədiyi savadlı, istedadlı, ləyaqətli yeniyetmələr, gənclər formalaşır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə Heydər Əliyevin bütün ideyaları onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın 30 il işğal altında olan Qarabağ torpaqlarının azad edilməsi son illərdə yetişən gənclərimizin fədakarlığının və qəhrəmanlığının bilavasitə ifadəsidir.
Sonda prorektor iştirakçılara uğurlar arzuladı.
Daha sonra müsabiqəyə təqdim edilən mövzuların münsiflər heyətinin üzvləri: Heydər Əliyev Mərkəzinin müdiri Təranə Namazova, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi Elşad Əliyev, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzayev tərəfindən qiymətləndirilməsinə başlanıldı.
Müsabiqənin nəticələrinə əsasən Tarix və coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Rəhman Hacıyev I yerə, Mühəndislik fakültəsinin 3-cü kurs tələbəsi Səkinə Babayeva II yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin 1-ci kurs tələbəsi Nərmin Möhsünlü III yerə layiq görüldü.
Qeyd edək ki, müsabiqədə yer tutan tələbələr Sumqayıt Dövlət Universitetinin Fəxri fərmanı və pul mükafatı ilə, fərqlənən tələbələr isə həvəsləndirici sertifikatlarla təltif olunacaqlar.
Mətbuat xidməti