Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Canlıların müasir bölgüsündə göbələklərin yeri, ekoloji funksiyası və istifadə imkanları” mövzusunda elmi-praktiki seminar keçirildi
Yerləşdirilmə tarixi : 15 May 2023 16:21
SDU-da “Canlıların müasir bölgüsündə göbələklərin yeri, ekoloji funksiyası və istifadə imkanları” mövzusunda elmi-praktiki seminar keçirildi
Mayın 15-də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Canlıların müasir bölgüsündə göbələklərin yeri, ekoloji funksiyası və istifadə imkanları” mövzusunda elmi-praktik seminar keçirildi.
Seminarı giriş sözü ilə SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq iştirakçıları salamladı və seminarın əhəmiyyətindən danışdı. Ölkəmizdə biologiya sahəsində əldə olunan nailiyyətlərdən və bu elmin yeni inkişaf istiqamətlərindən bəhs etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. İstər Sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanda biologiya elminin biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi müasir sahələrinin fundamental əsası məhz keçən əsrin 70-ci illərində qoyulmuşdur. Prorektor onu da qeyd etdi ki, biologiya elminin formalaşmasında universitetimizin Kimya və biologiya fakültəsinin də böyük əməyi vardır. Çünki burada biologiya sahəsi üzrə təhsil alan tələbələrlə təcrübəli alimlər məşğul olur, mütəmadi olaraq tanınmış alimlər tələbələrimizlə görüşür, elmi fikir mübadiləsi aparılır. Bu gün ölkəmizdə elmi potensialın formalaşdırılması istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu layihələr gerçəkləşir, gənclərin nurlu gələcəyinə yeni üfüqlər açılır.                                                  
Sonra ARETN-nin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Pənah Muradov “Canlıların müasir bölgüsündə göbələklərin yeri və ekoloji funksiyası” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, göbələklər müvafiq olaraq, həm bitkilərə, həm də heyvanlara xas olan əlamətlərə malik olsalar da, onlardan kəskin surətdə fərqlənən spesifik xüsusiyyətlərə də malikdirlər. Göbələklərin ekologiyası istiqamətində aparılan tədqiqatlar göbələklərin həm təbii, həm də antopogen təsirə məruz qalan ekosistemlərdə məskunlaşan nümayəndələrinin eko-bioloji   xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır. Son dövrlərdə təbii ekosistemlərdə bioekoloji tarazlıq halının pozulması orada məskunlaşan göbələklərin hərtərəfli öyrənilməsini daha da zəruri edir. Ona görə də bu istiqamətdə aparılan tədqiqatlar son dövrlərin daha çox diqqət mərkəzində olanlardandır.
ARETN-nin Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri professor Könül Baxşəliyeva “Mikotoksinlər: produsentləri, təsir effekti və istifadə imkanları” mövzusunda çıxış etdi. Qeyd etdi ki, mikotoksinlər göbələklər tərəfindən sintez olunan və zərərli təsirlərə malik olan ikincili metabolitlərdir. Mikotoksinlər bir çox əlamətlərinə görə antibiotiklərə bənzəyirlər. Mikotoksinlər yüksək temperatura qarşı dözümlüdürlər.
Sonra Sumqayıt Dövlət Universitetinin Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Nizami Namazov “Mikologiyanın ali məktəblərdə tədrisinin populyarlaşdırılması yolları” haqqında geniş məruzə etdi. Qeyd etdi ki, əgər göbələklər canlılar aləmində mütləq mənada müstəqillik qazanmış canlı varlıqlar hesab olunursa, o zaman onların tədqiqinin və ya tədrisinin bitki və ya heyvanlara məxsus sistemlər aparılması heç bir anlamda doğru olmazdı. Odur ki, göbələklərə həsr olunmuş müxtəlif xarakterli (monoqrafiya, dərslik, metodik vəsait və s.) ədəbiyyatların hazırlanması aktual bir məsələ kimi elmi tədqiqatçıların və pedaqoqların qarşısında duran zəruri bir məsələ hesab edilməlidir.
Digər natiqlər mövzunun aktuallığından geniş bəhs etdilər. 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az