SDU-nun Kimya və biologiya fakültəsində TEC-in təşkilatçılığı ilə VIII Tələbə Elmi konfransı keçirildi
Mayın 18-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş VIII tələbə elmi konfransı keçirildi.
Plenar iclasın işi ilə başlayan konfransı giriş sözü ilə fakültənin dekanı dosent Mahal Muradov açdı. Ənənə halını alan konfransın tələbələrin həyatındakı mühüm rolundan, universitetdə tələbələr üçün elm və təhsil yolunda yaradılmış münbit şəraitdən danışan dekan konfransın işinə uğurlar arzuladı.
Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri, professor Əkbər Ağayev tələbələrin elm yolunda inkişaf etməsi üçün universitet rəhbərliyi tərəfindən bütün şəraitin yaradıldığını bildirdi.
SDU TEC-in elmi rəhbəri, dosent Lalə Bunyatova TEC-in ümumi iş prinsipindən, universitet üzrə görülən işlərdən danışaraq qeyd etdi ki, hazırda Tələbə Elmi Cəmiyyətinin universitetdaxili və xarici fəaliyyəti güclənməkdədir. Elmi rəhbər bugünkü konfransın işinin həmin fəaliyyətin təsdiqi olduğunu bildirdi.
Kimya və biologiya fakültəsi TEC-in elmi rəhbəri, Ekologiya kafedrasının dosenti Nərgiz Aşurova fakültə üzrə görülən işlərin ümumi vəziyyəti haqqında məlumat verərək gələcəkdə fəaliyyətlərini daha da genişləndirəcəklərini qeyd etdi.
Daha sonra plenar iclas işini 4 tələbənin məruzəsi ilə davam etdirdi. Məruzələr ətrafında maraqlı müzakirələr aparıldı.
Plenar iclas yekunlaşdıqdan sonra konfrans işini 2 bölmədə davam etdirdi.
Bölmələr üzrə ümumilikdə 22 tələbənin məruzəsi dinlənildi.
Konfrans bölmə rəhbərlərinin hesabatları ilə yekunlaşdı.
Mətbuat xidməti