SDU-nun Riyaziyyat fakültəsinin pedaqoji təcrübədə olan tələbələri Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbdə tədbir təşkil etdilər
May ayının 18-də SDU-nun Riyaziyyat və onun tədrisi metodikası kafedrası və Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə çıxış edən Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova 2023-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı olaraq cənab Prezident İlham Əliyevin Sərəncamı ilə cari ilin “Heydər Əliyev İli” elan olunduğunu xatırlatdı. Müasir Azərbaycan dövlətçiliyinin qurucusu Ulu Öndərin ictimai-siyasi həyatımızın bütün sahələrini əhatə edən çoxşaxəli fəaliyyətindən danışan məktəb direktoru Ümummilli Liderin Azərbaycan təhsili, xüsusilə həmin təhsilin fundamental əsaslarını təşkil edən ibtidai və orta təhsilin inkişafını müəyyənləşdirən siyasi kursu barədə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərlə bağlı məlumat verdi.
Daha sonra tədbir Riyaziyyat fakültəsinin 416 saylı qrupunun təcrübəçi tələbəsi İlahə Abdullazadənin maraqlı təqdimatı ilə davam etdi. Təqdimat “Şəxsiyyət kimdir?”, “Biz özümüzü şəxsiyyət saya bilərikmi?”, “Tarixi şəxsiyyətlərdən kimləri tanıyırsınız?” və digər bu kimi suallarla başladı, nümayiş olunan təqdimatda Heydər Əliyev dühası haqqında danışıldı. Təqdimatın nümayişindən sonra “Ulu Öndərin şərəfli həyat yolu” adlı videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin şagirdlərinin Heydər Əliyev haqqında söylədiyi şeirlərlə, həmçinin Ümummilli Lider və Azərbaycanın milli-mənəvi dəyərlərini vəsf edən mahnılarla davam edən tədbir şagirdlərin istedadı barədə dolğun təsəvvür yaratdı. Məktəbin “7e” sinif şagirdləri Cavid və Aylin Heydər Əliyev haqqında məruzə ilə çıxış etdilər.
“100 ədədi deyəndə nə başa düşürsünüz?” videoçarxının nümayişindən sonra “kahoot.com” rəqəmsal platformasında keçirilən viktorina isə Ulu Öndərin həyatı və siyasi fəaliyyətinə dair suallarla xüsusi maraq doğurdu.
Sonra Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova təcrübəçi tələbə İlahə Abdullazadənin təşkil etdiyi tədbir ilə bağlı öz fikirlərini səsləndirdi və qeyd etdi ki, pedaqoji təcrübənin təşkili və keçirilməsi qaydalarına uyğun olaraq, bu tipli tədbirlərin təşəbbüşkarı və iştirakçısı olmaq təcrübəçi tələbələrin vəzifələrinə daxildir. O, təcrübəçi tələbələrə bu vəzifələrin həyata keçirilməsində dəstək olduğu üçün məktəbin direktoru Fatma xanıma və müəllim kollektivinə dərin təşəkkürünü bildirdi. Daha sonra o, Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verdi.
Daha sonra Riyaziyyat və onun tədrisi metodikası kafedrasının baş müəllimi Vüsalə Süleymanovanın “Müəllim əməyinə verilən ən yüksək qiymət” mövzusunda məruzəsi dinlənildi. Eyni zamanda, fakültənin dekan müavini dosent Məhəmmədəli Məmmədov və dosent Mətləb Ağayarov tədbir haqqında fikirlər səsləndirdilər.
Sonda Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova çıxışında qeyd etdi ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəsilə aşılanması məqsədilə ölkəmizdə, o cümlədən SDU-nin rektoru professor Elxan Hüseynovun rəhbərliyi altında universitetimizdə də silsilə tədbirlər keçirilir. Fakültəmizin təcrübəçi tələbəsinin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda tədbir təşkil etməsi bu baxımdan təqdirəlayiqdir. O, təcrübəçi tələbələrə öz potensiallarını ifadə etmək üçün yaradılan şəraitə görə məktəb rəhbərliyinə təşəkkür etdi və bu kimi tədbirlərin təşkil olunmasını Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinin ifadəsi kimi xarakterizə etdi.
Tədbirdən sonra 14 nömrəli tam orta məktəbin direktoru tədbir iştirakçılarını məktəbdə yerləşən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Adil İbrahimli adına muzeylə tanış etdi. Fatma xanım qeyd etdi ki, Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib, 2008-ci ildə isə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Adil İbrahimli 2015-ci ildə hərbi məktəbi bitirərək leytenant rütbəsi alıb, Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan Ordusunda xidmətə başlayıb. 2017-ci ildə XTQ-yə qəbul olan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib. 44 günlük Vətən müharibəsində Murovdağ uğrunda, həmçinin Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. Son döyüş tapşırığı Şuşada olan, yaralanmasına baxmayaraq, qəhrəmancasına vuruşan Adil İbrahimli 2020-ci il noyabrın 7-də şəhidlik zirvəsinə yüksəlib.
Muzeylə tanışlıqdan sonra universitet əməkdaşları şəhid Adil İbrahimlinin adına olan xatirə dəftərində öz təəssüratlarını bölüşdülər.
Mətbuat xidməti