SDU-nun Tarix və coğrafiya fakültəsində “Heydər Əliyevin həyat və fəaliyyəti” mövzusunda tədbir keçirildi
Mayın 18-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyevin həyat və fəaliyyəti” mövzusunda tədbir keçirildi.
Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbir Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başladı.
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı professor Adil Baxşəliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün sevinc hissi ilə geniş şəkildə qeyd edildiyini vurğulayaraq, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Ulu Öndərin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik irsindən bəhs etdi. Bildirdi ki, zaman keçdikcə dahi lider Heydər Əliyevin dövlət, millət qarşısında xidmətləri daha aydın görünür, həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev dühası hiss olunmasın. Ulu Öndər ölkəmizin an ağır günlərində hakimiyyətə qayıdaraq xalqımızı qısa müddətdə bəlalardan qurtardı, əmin-amanlığı, sabitliyi, qanunçuluğu bərqərar etdi. Demokratik, hüquqi dövlət quruculuğu yolunu seçən Ümummilli Lider dövlətçiliyin təməllərini möhkəmləndirdi. Dekan, qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.
Sonra Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti” barədə geniş məruzə etdi. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandığını qeyd etdi. Ümummilli Lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm Qələbəmizi şərtləndirib. Nəticədə, hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edildi.
Sonra kafedranın dosenti, Karyera və Məzunlarla İş Mərkəzinin müdiri dosent Əmirxan İsayev “Heydər Əliyevin hakimiyyətinin I mərhələsində sosial-iqtisadi inkişaf” mövzusunda ətraflı çıxış etdi. Ulu Öndərin elmə, təhsilə, alimlərə diqqət və qayğısından danışdı. Bildirdi ki, 1960-cı illərin sonlarından başlayaraq, elmimizin və təhsilimizin təşəkkülü və inkişafı milli və dövlətçilik tariximizin ən görkəmli siması, müasir müstəqil Azərbaycanın banisi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin məqsədyönlü milli dövlətçilik, müstəqillik, elm, təhsil, mədəniyyət və iqtisadi siyasətini uğurla davam etdirir, elm adamlarına daim həssaslıqla yanaşır. Prezident İlham Əliyev elm, təhsil və mədəniyyətin, alim və müəllimlərin böyük himayədarı olmuş Ulu Öndərin Azərbaycanda elmin inkişafının dəstəklənməsi ilə bağlı uzaqgörənliklə verdiyi tövsiyələrini də bütün digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirir.
Daha sonra kafedranın müəllimləri: baş müəllim, tarix üzrə fəlsəfə doktoru Samir Məhərrəmov “Ümummilli Lider Heydər Əliyevin təhsil siyasəti”, baş müəllim Pərviz Cəfərov “Heydər Əliyevin xarici siyasət kursu”, müəllim Aysel Şamilova “Müstəqillik dövründə Heydər Əliyevin sosial-iqtisadi siyasəti”, müəllim Ceyhun Qasımbəyli “Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu” və fakültənin 827-ci qrup tələbəsi Songül Kərimzadə “Heydər Əliyevin gənclər siyasəti” mövzularında çıxışlar etdilər. Məruzələrdə qeyd olundu ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb.
Mətbuat xidməti