SDU-nun rektoru nümayəndə heyəti ilə birlikdə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forumda iştirak etdi
18-19 may 2023-cü il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Baku Marriott Boulevard Hoteldə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forumun açılış mərasimi baş tutdu.
Forumun əsas məqsədi xarici keyfiyyət təminatı prosesində müstəqillik və məsuliyyətin önəmi, maraqlı tərəflərin xarici keyfiyyət təminatı prosesində iştirakı məsələlərinin müzakirəsi, həmçinin, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir.
Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova Agentlik tərəfindən birinci forumdan ötən müddət ərzində keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilmiş nəticələr, həmçinin, agentliyin potensialının gücləndirilməsi istiqamətində beynəlxalq donorlarla əməkdaşlıqlar və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırdı.
Əsas məruzəçilərdən olan Elm və təhsil nazirinin müavini İdris İsayev, ilk öncə, Azərbaycanın ali təhsilində keyfiyyət təminatı sahəsində atılmış addımlar barədə tədbir iştirakçılarını məlumatlandırdı. Çıxışın davamı olaraq, İdris İsayev “Ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları”nın hazırlanması zamanı istifadə edilən yanaşmalar və müvafiq meyarların ali təhsil müəssisələrinə verəcəyi töhfələr barədə məlumat verdi.
Konfransın ilk günündə əsas çıxışlar zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Avropa Ali təhsil məkanında Keyfiyyət Təminatı Agentliklərinin Reyesterinin (EQAR) direktoru Magalie Soenen, Rumıniyanın Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Agentliyinin (ARACIS) direktoru və Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyasının (ENQA) vitse prezidenti Daniela Cristina Ghitulica, Sloveniya Keyfiyyət təminatı Agentliyinin (SQAA/NAKVIS) direktoru və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) prezidenti Franci Demsar ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ATM-lərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxundular.
Forumun 2-ci günü ali təhsil müəssisələrinin üzvləri üçün vorkşoplar təşkil edilib. Təşkil edilmiş vorkşoplarda xarici ekspertlər tərəfindən təhsil proqramlarının dizaynı, xarici keyfiyyət təminatı prosesində müstəqillik və məsuliyyətin əhəmiyyəti və problem əsaslı öyrənmənin təşkili üçün strategiyalar və üsullar müzakirə edilərək qabaqcıl təcrübələr iştirakçıların diqqətinə çatdırıldı.
Qeyd edək ki, Beynəlxalq Forumda Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, həmçinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Təhsildə Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova və Tədris bölməsinin müdiri Sabir Behbudov iştirak etdilər.
Mətbuat xidməti