SDU-da “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf modeli” mövzusunda elmi seminar keçirildi
Mayın 24-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf modeli”mövzusunda elmi seminar keçirildi.
Elmi seminarda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərinin iqtisadçı alimləri, o cümlədən Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edirdilər.
Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Elmi seminarı giriş sözü ilə fakültənin dekanı dosent Aynurə Yəhyayeva açaraq iştirakçıları salamladı, tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, SDU-da Ümummilli lider Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin örnək həyat və fəaliyyətinin, zəngin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi daima diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi artıq universitetin ənənəsinə çevrilib. Dekan Ulu Öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışdı. Bildirdi ki, bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Bu elə bir iqtisadi sistemdir ki, respublikamızın perspektiv inkişafı xalqın yaşayış səviyyəsinin yüksəldilməsi imkanlarını reallaşdırmaq üçün güclü zəmin yaratmağa qadirdir. Müstəsna təşkilatçılıq qabiliyyətinə, zəngin idarəçilik təcrübəsinə, dərin analitik təfəkkürə malik olan Heydər Əliyevin müstəqil Azərbaycanın inkişaf strategiyası barədə baxışları fundamental xarakter daşıyır. Bu konseptual baxışlar Azərbaycan reallığına, onun malik olduğu imkanların sistemli təhlilinə, qloballaşan dünyada gedən proseslərin milli maraqlar baxımından qiymətləndirilməsinə əsaslanır. Hazırda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi kursu müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada mövqelərini daha da möhkəmləndirib, tarixi qələbələrə imza atıb və regionda lider dövlətə çevrilib.
Sonra İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova “Heydər Əliyev müstəqil Azərbaycanın bazar iqtisadiyyatı modelinin yaradıcısıdır” mövzusunda məruzə ilə çıxışına başaldı.O, Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin milli maraqlarımıza uyğun işləyib hazırladığı hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasından və onun uğurla reallaşdırılmasında göstərdiyi misilsiz və müstəsna xidmətlərdən, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin möhkəmlənməsinə, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin gücləndirilməsinə hədəflənən məqsədyönlü, uzaqgörən və qətiyyətli siyasətindən bəhs etdi. Eyni zamanda, dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının ictimai həyatın bütün sahələrinin tərəqqisinə və sosial rifahın yüksəlməsinə verdiyi töhfələrdən danışdı.
Bakı Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasının dosenti Habil Aslanov “Heydər Əliyev Azərbaycanın müstəqil milli iqtisadiyyatının memarıdır”, UFA Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının müdiri Olqa Mamelatalaşvili “Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin xüsusiyyətləri və inkişafı perspektivləri”, İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin aparıcı elmi işçisi Mətanət Abdalova “Heydər Əliyevin keçid dövrü siyasətinin mahiyyəti və xüsusiyyətləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin Tətbiqi iqtisadiyyat kafedrasının dosenti Elmira Qocayeva “Azərbaycanın davamlı inkişafı kontekstində sosial-iqtisadi inkişafın milli prioritetləri” mövzularında geniş çıxış etdilər. Qeyd etdilər ki, bütün varlığı ilə Azərbaycana bağlı olan böyük şəxsiyyət, görkəmli dövlət xadimi, dahi lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Ulu öndərin xalqımız qarşısında tarixi xidmətlərindən biri də davamlı inkişaf yoluna qədəm qoymuş Azərbaycanın dövlət müstəqilliyini daha da gücləndirilməsinə xidmət edən layiqli davamçısını yetişdirməsidir. Böyük türk dünyasının görkəmli dövlət xadimi olan Heydər Əliyevi Azərbaycan xalqının tarixi şərəfli bir irsi kimi davam etdirmək hər bir azərbaycanlının mənəvi borcudur. Bu gün yüksək təfəkkür, zəngin dövlətçilik təcrübəsinə malik, praqmatik lider Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış nailiyyətlər Heydər Əliyev irsini tamamlayır və dayanıqlı inkişafa doğru aparır.
Sonda Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyevin və İqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyevin Ulu Öndərlə bağlı fikirləri dinlənildi və seminar “Heydər Əliyevin iqtisadi siyasətinin mahiyyəti və xüsusiyyətləri”, “Azərbaycanın inkişafının müasir vəziyyəti Heydər Əliyevin iqtisadi siyasətinin nəticəsidir”, “Azərbaycan Respublikasının inkişafı Heydər Əliyevin iqtisadi siyasəti kontekstində” mövzularının müzakirəsi ilə yekunlaşdı.
Mətbuat xidməti