SDU-nun fakültələrində Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər davam etdirilir
28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 28 May tarixi 1990-cı ildən ölkəmizdə dövlət bayramı kimi qeyd edilir. Bu bayram münasibəti ilə Sumqayıt Dövlət Universitetində də silsilə tədbirlər keçirilir.
Universitetin fakültələrində keçirilən tədbirlərdə Riyaziyyat, Filologiya, Fizika və elektroenergetika, İqtisadiyyat və idarəetmə, Mühəndislik, Tarix və coğrafiya fakültələrinin dekanları, professor-müəllim və tələbə heyəti çıxış edərək, bu günün tarixi önəmi barədə ətraflı məlumat verdilər. Bildirdilər ki, 28 May 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının tarixində çox böyük bir hadisədir. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. Onu da qeyd etdilər ki, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yenidən öz müstəqilliyinə qovuşdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev müstəqilliyimizi daha da əbədi və dönməz etdi. Ulu Öndərin gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış parlamentarizm ənənələri keyfiyyətcə yeni mərhələdə yaşayır, inkişaf edir, ölkəmizin tərəqqisinə, yüksəlişinə töhfə verir. Prezident cənab İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayaraq bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsini qarşıya məqsəd kimi qoydu. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Bu gün ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.
Keçirilən tədbirlərdə “Heydər Əliyevin qurucusu olduğu bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir ”, “Azərbaycan Xalq Cümhuriyyəti dövrü atributlarının bərpasında Heydər Əliyevin rolu”, “Heydər Əliyevin memarı olduğu Müstəqil Azərbaycan və Xalq Cümhuriyyətinin ənənələri”, “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti” mövzusunda məruzələr dinlənildi.
Mətbuat xidməti