SDU-da “Heydər Əliyev İli” çərçivəsində Ümumi tarix fənni üzrə olimpiada keçirildi
Mayın 27-də SDU-nun Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə Sumqayıt şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Ümumi tarix fənni üzrə olimpiada keçirildi.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Olimpiadanı SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq olimpiadanın əhəmiyyəti və məqsədindən danışdı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan bəhs etdi. Bildirdi ki, ictimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth edən müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin tarix və xalq qarşısında gördüyü işlərin içərisində ən misilsiz xidməti məhz dövlətçiliyin sarsılmaz əsaslarının formalaşdırılması olmuşdur. Ulu Öndərin hakimiyyətdə olduğu dövrü Azərbaycan təhsilinin sürətli yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil olduğunu qeyd edən prorektor 15 mindən çox azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərildiyini, ölkəmizin gələcəyi üçün güclü kadr potensialının formalaşdırıldığını bildirdi, həmçinin təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini nəzərə çatdırdı.
Sonra Tarix və coğrafiya fakültəsinin dekan müavini dosent Osman Hacıyev, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova tarix fənninin üstünlüklərindən danışaraq qeyd etdilər ki, tarix bəşəriyyətin, o cümlədən ayrı-ayrı xalqların həyatında qədim zamanlardan bu günə qədər baş vermiş ən mühüm hadisələri öyrənən elm hesab olunur. Bu mənada “Heydər Əliyev İli” ilə əlaqədar Ümumi tarix fənni üzrə keçirilən olimpiada xüsusi əhəmiyyətə malikdir.
Çıxışlardan sonra yarışa start verildi.
Mətbuat xidməti