SDU-da “Sərbəst insanlar ölkəsinin fədaisi Əhməd bəy Ağaoğlu” mövzusunda dəyirmi masa keçirildi
Mayın 26-da SDU-nun Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Sərbəst insanlar ölkəsinin fədaisi Əhməd bəy Ağaoğlu” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekan müavini, baş müəllim Qara Əhmədov bildirdi ki, dəyirmi masa Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının əsasən həyata keçirilir. Qeyd etdi ki, Şuşa şəhərində anadan olmuş Əhməd bəy Ağaoğlu böyük ictimai-siyasi xadim, ziyalı, jurnalist, pedaqoq, siyasətçi, yazıçı və əsl vətənpərvər şəxsiyyət idi. O, Azərbaycanda və ölkənin hüdudlarından kənarda ictimai-siyasi proseslərdə fəal iştirak edib, milli oyanış hərəkatının daim ön sıralarında dayanıb, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Əhməd bəy Ağaoğlu Ankara Universitetinin Hüquq fakültəsinin qurucularından olub, eləcə də ölkəmizdə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün “Difai” təşkilatını yaradıb.
Filologiya üzrə fəlsəfə doktoru İlahə Vəliyeva Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətində qadına verilən yüksək dəyərdən danışaraq bildirib ki, qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mübarizəsinin əsas faktoru kimi göstərən görkəmli mütəfəkkir qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Əhməd bəy Ağaoğlu qadınların geriliyini və o dövrdə istifadə olunan əlifbanı müsəlman dünyasının iki əsas düşməni və sağalmaz yarası sayırdı. Bununla yanaşı, həmin dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilmişdir.
Qafqazda 1905-1906-cı illərdə baş vermiş milli münaqişədən və Əhməd bəy Ağaoğlunun fəaliyyətindən danışan fakültənin müəllimi Mədinə Cabbarova bildirdi ki, Əhməd bəy Ağaoğlu Azərbaycanda XX əsrin əvvəllərində milli oyanışa və müstəqil dövlətçilik uğrunda mübarizəyə hazırlıq məsələlərinin həyata keçirilməsinə böyük təkan verib.
Daha sonra tələbələrdən Reyhan Əmənli və Nərminə Atakişiyeva Əhməd bəy Ağaoğlunun Azərbaycan Xalq Cümhuriyyətindəki fəaliyyəti və mütəfəkkirin yaradıcılığında Qərb ədəbiyyatına münasibət mövzularında çıxışlar etdilər.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırıldı.
Mətbuat xidməti