Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun pedaqoji təcrübə keçən tələbələri 26 saylı orta məktəbdə “Bir kərə yüksələn bayraq” adlı tədbir keçirdi
Yerləşdirilmə tarixi : 27 May 2023 14:44
SDU-nun pedaqoji təcrübə keçən tələbələri 26 saylı orta məktəbdə “Bir kərə yüksələn bayraq” adlı tədbir keçirdi
Azərbaycan tarixinin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümü münasibətilə SDU-nun pedaqoji təcrübədə olan tələbələrinin iştirakı ilə Sumqayıt şəhər 26 saylı orta məktəbdə “Bir kərə yüksələn bayraq” adlı tədbir təşkil olundu. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan 26 saylı məktəbin direktoru Əli Musayev Sumqayıt Dövlət Universiteti ilə səmərəli əməkdaşlıqdan bəhs edərək tədbirin təşkilinə görə pedaqoji təcrübə keçən tələbələrə təşəkkürünü bildirdi.  
Daha sonra Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova çıxış edərək qeyd etdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla, Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. O bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, xalqımızın milli azadlıq və müstəqillik məfkurəsi daim ürəklərdə yaşayacaqdır. Sona Məhərrəmova nəzərə çatdırdı ki, Ümummilli Lider Heydər Əliyev AXC-nin 23 aylıq fəaliyyətinə yüksək qiymət verərək onun Azərbaycan tarixində xüsusi yeri olduğunu qeyd etmişdir. Ulu Öndər 1998-ci il 30 yanvar tarixində AXC-nin 80 illik yubileyinin keçirilməsi haqqında xüsusi Fərman imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 16 may tarixində imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı, ardınca 2018-ci il 10 yanvar tarixində imzaladığı başqa bir Sərəncamla 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi bu ənənənin davamı olmuşdur.  
Tədbirdə Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev Azərbaycanın Bolşevik Rusiyası tərəfindən işğalı, kafedranın dosenti Yusifəli Həsənov isə AXC-nin Azərbaycanın inkişaf tarixindəki böyük xidmətləri barədə məruzələrlə çıxış etdilər. Daha sonra məktəbin istedadlı şagirdlərinin ifasında şeirlər səsləndirdilər. SDU-nun pedaqoji təcrübə keçən tələbələrinin iştirakı ilə səhnələşdirilmiş Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin son iclası nümayiş olundu. Tarix və coğrafiya fakültəsinin tələbələrindən ibarət xorun ifasında “Yaşa mənim xalqım” mahnısı səsləndirildi.
Tədbirin sonunda belə tədbirlərin keçirilməsinin Azərbaycanın gələcək gənc nəsillərinin vətənpərvərlik ruhunda yetişməsində xüsusi əhəmiyyət daşıdığı qeyd olundu. 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az