SDU tələbələrinin istehsalat (pedaqoji) təcrübələrindəki uğurları
2022-2023-cü tədris ilinin yaz semestrində Filologiya fakültəsinin 7 ixtisasının 11 buraxılış qrupu 16 fevral – 24 may 2023-cü il tarixlərinədək istehsalat (pedaqoji) təcrübəsi keçiblər. Hər ixtisasın profilinə uyğun olaraq müxtəlif tədris və istehsalat müəssisələrində təşkil olunan təcrübə müddətində tələbələr qrup rəhbərlərinin təşkilatçılığı və müəllimlərinin iştirakı ilə proqrama uyğun fəaliyyət göstərirdilər. Tələbələr təcrübə müddəti ərzində müasir təlim texnologiyalarından istifadə etmək bacarığı ilə yanaşı, kurikulumun tələblərinə uyğun dərs qurmaq qabiliyyətlərini də nümayiş etdirərək, həm müəssisə rəhbərliyinin, həm də təcrübə keçdikləri kontingentin rəğbətini qazanıblar.
Bununla yanaşı, təcrübədə iştirak edən tələbələr təhkim olunduqları müəssisələrdə fakültə rəhbərliyi ilə birgə tədbirlər təşkil edərək eyni zamanda müəssisələrin təşkil etdiyi yığıncaqlarda da fəal iştirak ediblər. Tədbirlərin əsas əksəriyyəti “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sumqayıt Dövlət Universitetinin Tədbirlər Planı”na uyğun olaraq təşkil olunmuşdur. Belə ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə tələbələr təcrübədə olduqları müəssisələrdə silsilə tədbirlər təşkil ediblər. Həmin tədbirlər sırasında “100 illərdir mövcud olan dilimiz” adlı ədəbi-bədii tədbiri və “Heydər Əliyev siyasətində Azərbaycan təhsili” adlı elmi-praktik seminarı qeyd etmək olar.
Pedaqoji təcrübə zamanı tələbələr dərs demək, istehsalat vərdişlərinə yiyələnməklə yanaşı, həm də həmin müəssisələrin ictimai həyatında fəal iştirak etdiklərinə görə müəssisə rəhbərləri tərəfindən xüsusi minnətdarlığa layiq görülmüşlər. Belə ki, 39 və 40 saylı Körpələr evi - uşaq bağçalarının rəhbərliyi adından Sumqayıt Dövlət Universitetinin adına təşəkkürnamə göndərilmiş, bir neçə təcrübəçi tələbəyə tərifnamələr təqdim edilmişdir.
Mətbuat xidməti