Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların  seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və həmin şöbənin məsləhətçisi Anar  Mirzəyev bu il məzun olacaq bakalavr və magistrlərlə görüş keçirdilər.
Tədbiri Humanitar məsələlər üzrə  prorektoru, dosent Nizami Namazov  açaraq universitetin rəhbərliyi və  pofessor-müəllim heyəti adından qonaqları salamladı. Çıxışında xüsusi olaraq  vurğuladı ki, cənab Prezident İlham Əliyevin   diqqət və qayğısı nəticəsində ölkəmizdə  işsizliyin aradan qaldırılması, gənclərin işlə  təmin olunması istiqamətində  uğurlu  addımlar atılmışdır. Bu  uğurlu siyasətin  davamı olaraq  cənab Prezidentimiz  2011-ci il 7 iyul tarixli Sərəncamı ilə  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını təsdiq etmişdir.   Proqramın əsas məqsədi gənc mütəxəssislərin  işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.  Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə  yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədi ilə Sumqayıt Dövlət  Universiteti də  sürətli  islahatlar aparır.
Mən hesab edirəm ki, belə tədbirlərin   keçirilməsi tələbələrimizin həyatında çox  mühüm hadisədir. Görüşün  əsas məqsədi builki  bakalavr və magistrləri dövlət qulluğuna qəbul qaydaları ilə tanış etməkdən  ibarətdir.
Komissiyanın Dövlət qulluğuna kadrların  seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn tələbələrə Komissiyanın yaranması,  məqsədi və fəaliyyəti, qarşısında duran vəzifələri, gördüyü işlər, dövlət  qulluğu sahəsində həyata keçirilən islahatlar, Komissiyanın əldə etdiyi  nailiyyətlər, şəffaflıq və açıq müsabiqəyə əsaslanan dövlət qulluğuna qəbul  sistemi, dövlət qulluğunda mövcud olan standartlar barədə məlumat verdi. Bu  ilki məzunların Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu  Məsələləri üzrə Komissiya tərəfindən 71 dövlət orqanı üzrə 864 vakant dövlət  qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqələrdə iştirak etmə  imkanlarını açıqladı.
Daha  sonra çıxış edən Anar Mirzəyev  dövlət  qulluğuna qəbulun şərtləri, “onlayn” qeydiyyatın aparılması, vəzifə seçimi  zamanı hansı məsələlərə diqqət yetirilməsi, ixtisas uyğunluğu və tələbi, vəzifə  seçərkən vəzifəyə qoyulan staj tələbi, sənədlərin hansı formada təqdim olunması  barədə məlumat verdi.
Tədbirdə gələcək məzunlara  “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə  Komissiyanın fəaliyyəti”, “Dövlət qulluğuna qəbul zamanı düzgün vəzifə seçimini  necə etməli?” mövzularını əhatə edən bukletlər təqdim olundu. 
Görüşün sonunda komissiyanın əməkdaşları  tələbələri maraqlandıran sualları cavablandırdı.
Mətbuat xidməti
                
             