SDU-nun əməkdaşları “Xəzər 2023: dayanıqlı inkişaf yolları” mövzusunda III Beynəlxalq elmi forumda iştirak etdilər
SDU-nun rəqabətqabiliyyətli təhsil, elm və innovasiyalar universitetinə çevrilməsi istiqamətində 2020-2025-ci illər üçün Strateji inkişaf planının müvafiq bəndlərini nəzərə alaraq, elm və texnologiyaların inkişaf etdirilməsinin və eyni zamanda, SDU-nun dövri və qeyri-dövri nəşrlərin beynəlxalq standartlara cavab verən reytinq cədvəllərinə yüksəldilməsinin təşkili sahəsində təcrübə mübadiləsi məqsədilə Sumqayıt Dövlət Universitetinin əməkdaşları: Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov və Elmi hissənin müdiri dosent Samir Orucov 28 may - 1 iyun 2023-cü il tarixlərində Rusiya Federasiyasının Həştərxan şəhərində ezamiyyətdə oldular.
Ezamiyyət müddətində Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin, Rusiya Elmlər Akademiyasının, Gənclərlə iş üzrə Federal Agentliyinin (Росмолодежь), MDB dövlətləri ilə iş üzrə Beynəlxalq Humanitar Əməkdaşlıq Federal Agentliyinin (Россотрудничество), Həştərxan Dövlət Universitetinin və Həştərxan vilayətinin rəhbərliyi tərəfindən təşkil olunmuş “Каспий 2023: пути устойчивого развития” adlı III Beynəlxalq elmi forumda iştirak etdilər.
Həmçinin onlar silsilə tədbirlər çərçivəsində Rusiya Federasiyasında keçirilən “Caspian Startup Fest” startap müsabiqəsində müşahidəçi qismində iştirak etmiş və təcrübə mübadiləsi məqsədilə Həştərxan Regional Texnoparkını ziyarət etmişlər.
Forumun açılış mərasimindən sonra professor Ramazan Məmmədov və dosent Samir Orucov Həştərxan Dövlət Universitetinin rektoru professor Markelov K.A, Elmi işlər üzrə prorektoru professor Bayeva L.V, Beynəlxalq əməkdaşlıq üzrə prorektoru dosent Fadina A.Q, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri dosent Pavlova Q.Ş, Elm şöbəsinin müdiri dosent Davıdova E.V, Hərəkətlərin Biomexanikasının Üçölçülü Tədqiqi Mərkəzinin rəhbəri Vorontsova O.İ ilə üç gün ərzində müxtəlif vaxtlarda faydalı görüşlər keçirərək fikir mübadiləsi aparmışlar.
Həştərxan Dövlət Universitetinin rəhbər şəxsləri ilə görüşlər zamanı universitetimizin əməkdaşları SDU-da elm, tədqiqat, innovasiya və startaplar sahəsində aparılan işlər, əldə olunan nailiyyətlər barəsində məlumatı görüş iştirakçılarının nəzərinə çatdırdılar, universitetin “Elmi xəbərlər” jurnalının nüsxəsini təqdim etməklə Rusiya elm və təhsil müəssisələri arasında təşviq etdilər.
SDU-nun nümayəndə heyəti Rusiya Cənub Regionları Universitetləri Assosiasiyasının Rektorlar Şurasında iştirak etdi. Şura iclasında çıxış edən Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov universitetimizin təqdimatını etdi, “Elmi xəbərlər” jurnalı haqqında məlumatı Rusiyalı alimlərin nəzərinə çatdırdı.
Silsilə tədbirlər çərçivəsində baş tutan “Каспийский научно-образовательный конгресс”də əməkdaşlarımız Azərbaycanın dostu, tanınmış rusiyalı jurnalist, “Национальная оборона” jurnalının baş redaktoru, 44-günlük Vətən müharibəsi hadisələrini olduqca dürüst şərh edən Korotçenko İqor Yuryeviç, Moskva Dövlət Universitetinin professoru, possovet ölkələri universitetlərinin əcnəbi tələbə və məzunları “İnkorvuz – XXI” Cəmiyyətinin sədri Aniset Qabriyel Koçofa, "Afanasy Nikitin" Assosiasiyasının Ekspert Şurasının üzvü, Geoməkan İqtisadi Təhlil Mərkəzinin direktoru, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Dobrının Andrey Petroviç, Həştərxan Dövlət Texniki Universitetinin Elmi işlər və innovasiyalar üzrə prorektoru professor Maksimenko Yuri Aleksandroviç və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Xəzəryanı Dövlət Universitetləri Assosiasiyasının İcraçı Şurasının katibi professor Yukina Yevgeniya Aleksandrovna, Cənubi Federal Universitetinin Prezidenti, Cənubi Rusiya Universitetləri Şurasının sədri, Qara Dəniz regionunda Elm və Təhsil Sahəsində Hərtərəfli Əməkdaşlığa Dəstək Assosiasiyasının prezidenti professor Borovskaya Marina Aleksandrovna ilə görüşlər keçirmiş, müxtəlif mövzularda fikir mübadiləsi aparmışlar.
Ezamiyyət müddətində əldə olunan təcrübə və biliklər gələcəkdə SDU-nun beynəlxalq elm və təhsil platformalarında tanınmasına və reytinq sistemlərində layiqli yer tutmasına mühüm töhfə verəcəkdir.
Mətbuat xidməti