Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi
Yerləşdirilmə tarixi : 12 İyun 2023 16:02
SDU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi
İyunun 12-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti iştirak edirdilər.
Tədbiri giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştrakçıları salamladı və “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən maarifləndirici tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verdi. Azərbaycanda ənənəvi olaraq hər il 18 may - 18 iyun tarixləri arasındakı müddətin ölkəmizdə Ombudsmanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” elan olunduğunu diqqətə çatdıran prorektor sözü universitetin hüquqşünası dosent Əminə Həsənovaya verdi.
Dosent Əminə Həsənova qeyd etdi ki, insan hüquqları amilini öz əməli fəaliyyətində daim əsas meyar kimi rəhbər tutan Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman, həmçinin bundan irəli gələn məqsəd və vəzifələr nəzərə alınaraq, 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır. Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar ilk dəfə olaraq məhz bu sənədlərdə öz əksini tapmış və bunun ardınca Ulu Öndərin təşəbbüsü ilə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Ombudsman haqqında” 2001-ci il 28 dekabr tarixli Konstitusiya Qanunu qəbul olunmuşdur. Bu il insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi ilk strateji sənəd olan həmin Dövlət Proqramının təsdiq edilməsindən artıq 25 il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, həmin Dövlət Proqramının təsdiq olunduğu 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir.
Dosent Əminə Həsənova onu da qeyd etdi ki, artıq 15 ildən çoxdur, bu əlamətdar gün ölkəmizdə geniş qeyd edilir və bu müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Ombudsmanı tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir. Bu isə sosial-hüquqi statusundan asılı olmayaraq, hər kəsin: şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, uşaqların, ahılların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların və əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, əldə olunan uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq, qarşıda duran vəzifələri müəyyən etmək, cəmiyyətdə hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyini diqqətə çatdırmaq məqsədinə xidmət edir.
Sonda mövzu ilə əlaqədar çıxış edən natiqlər bildirdilər ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” Ulu Öndərimiz tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verir.
Tədbir tələbələrin insan hüquq və azadlıqları ilə bağlı müxtəlif suallarının cavablandırılması ilə yekunlaşdı. 
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az