SDU tələbələri II Rəqəmsal İdeya Müsabiqəsində diplom və sertifikatlarla təltif olundular
İyunun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” adlı 2 Rəqəmsal İdeya Müsabiqəsi keçirilib.
Məlumat üçün bildirək ki, SDU tələbələrinin də qatıldığı bu müsabiqəyə respublikamızın 63 inzibati ərazi vahidliyindən 1372 gənc müraciət edib. Onlardan 120 nəfər seçilərək 30 fərqli komandada yarışıb.
İştirakçılar “Qarabağ arzusunda” komanda quruculuğu fəaliyyətində, “Daim yaddaşımızda” rəqəmsal həll konseptində, “Örnək ömür” intellekt rinqində və “100 ilin astanasında” tarixi faktlar yarışında iştirak ediblər. Onlar xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparıblar. 30 komandadan 10-u finala vəsiqə qazanıb. Münsiflər heyəti tərəfindən 3 qalib komanda müəyyən edilib.
Yarışın sonunda SDU-nun Riyaziyyat fakültəsinin 427 saylı qrup tələbəsi Ləman Balabəyovanın da qatıldığı “İstiqlal” komandası II yerə layiq görülüb. Komanda üzvləri diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Müsabiqədə iştirak edən digər tələbələrimiz isə sertifikatlarla təltif olunublar.
İyunun19-da universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov müsabiqədə iştirak edən tələbələri qəbul edərək universitet rəhbərliyi adından onları təbrik etdi və uğurlar arzuladı.
Mətbuat xidməti