Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın cari tədris ilində yekun iclası keçirildi
Yerləşdirilmə tarixi : 07 İyul 2023 16:00
SDU-da Elmi Şuranın cari tədris ilində yekun iclası keçirildi
İyulun 7-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının cari tədris ilində yekun iclası keçirildi.
Universitetin rektoru, Elmi Şuranın sədri professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq şura üzvlərini, professor-müəllim heyətini salamladıqdan sonra universitetin bir qrup elmi dərəcə və elmi ad almış əməkdaşlarını Elmi Şura üzvləri adından təbrik etdi, onlara elmi-pedaqoji fəaliyyətlərində yeni uğurlar arzuladı.
Sonra rektor gündəlikdəki məsələlər barədə məlumat verdi və iclasın gündəliyi təsdiq olundu.
Rektor professor Elxan Hüseynov 2022/23-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının ümumi yekunları haqqında çıxış edərək əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən bəhs etdi.
İclasda 2022/23-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları barədə bakalavriat səviyyəsi üzrə Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva Elmi Şura üzvlərinə geniş məlumat verdilər, ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəriciləri və digər statistik məlumatları diqqətə çatdırdılar. İmtahanların elm və təhsil naziri cənab Emin Əmrullayevin 19 may 2022-ci il tarixli "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" F-282 nömrəli əmrini və SDU üzrə rektor professor Elxan Hüseynovun 12 may 2023-cü il tarixli R-26/1 nömrəli əmrini rəhbər tutaraq həyata keçirildiyini bildirdilər. Qeyd olundu ki, imtahan sessiyası mütəşəkkil formada keçirilmiş, imtahanlara nəzarət edən koordinatorlar əvvəlcədən məlumatlandırılmış, imtahanların gedişi universitet rəhbərliyinin və fakültə dekanlarının daimi nəzarətində olmuş, imtahan sessiyası dövründə Apelyasiya komissiyası və İmtahan qərargahı fəaliyyət göstərmişdir.
2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri barədə hesabatın 10 iyul 2023-cü il tarixinədək Elm və Təhsil Nazirliyinə təqdim etmək qərara alındı.
2023-2024-cü tədris ili üçün Elmi Şuranın İş planı və Elmi Şuranın qərarlarının yerinə yetirilməsi haqqında Elmi katib professor Muxtar Səmədov çıxış edərək qeyd etdi ki, Elmi Şuranın qərarları bütün fakültələr, kafedralar və digər strukturlar tərəfindən vaxtında yerinə yetirilir, perspektivli məsələlər daim diqqət mərkəzində saxlanılır, yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir və zərurət yarandıqda onlara yenidən baxış həyata keçirilir.
Aparılan müzakirələrdən sonra Elmi Şuranın İş planı təsdiq olundu.
Cari məsələlərin müzakirəsində Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov SDU-nun professor-müəllim heyətinin saathesabı formada yerinə yetiriləcək dərs yükünə görə ödənişlərin tənzimlənməsi barədə məlumat verdi və saathesabı formada dərs yüklərinə görə ödənişlərin müvafiq əməkhaqlarına uyğunlaşdırılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırdı. Sonra yeni ixtisaslar üzrə tədris planlarının təsdiqi müzakirə olundu. Bakalavriat səviyyəsi üzrə Ekologiya mühəndisliyi (Qiyabi); Riyaziyyat (Qiyabi); Korreksiyaedici təlim ixtisaslarının tədris planları və Magistratura səviyyəsi üzrə Marketinq ixtisasının Marketinq (sahələr üzrə) ixtisaslaşması; Maliyyə ixtisasının Bank işi ixtisaslaşması; Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasının Nəqliyyatda logistika ixtisaslaşması və Tarix ixtisasının Türk dünyası tarixi ixtisaslaşmasının tədris planları təsdiq olundu.
Sonra SDU-nun Akademik dürüstlüyə dair universitetdaxili Qaydaları və SDU-nun Dil və Tərcümə Mərkəzinin Əsasnaməsi təsdiq edildi.
Elmi katib tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə məlumat verdi. Qeyd etdi ki, nəşr hüququ verilməsi üçün Elmi Şuraya ümumilikdə 13 tədris vəsaiti: 1 dərslik, 1 biblioqrafik göstərici, 1 metodik vəsait, 5 fənn proqramı  və 3 təcrübə proqramı daxil olub. Həmin tədris vəsaitlərinə uyğun elm sahələri üzrə Redaksiya və Nəşriyyat Şurasının bölmələrində və universitetin Tədris-Metodiki Şurasında baxılıb, ekspert rəyi ilə Elmi Şuraya tövsiyə edilib.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi və Elmi Şuranın cari tədris ilində yekun iclası öz işini başa vurdu.  
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az