Əməkdaşlarımız Çin Xalq Respublikasında səfərdə oldular
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilir, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları əsasında geniş tədbirlər həyata keçirilir. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlığı özünün prioritetlərindən hesab edir və səylərini günbəgün artırır. Bu əlaqələrin davamı kimi iyulun 2-dən 9-dək Çin Xalq Respublikasının Lanzou şəhərində təşkil olunan 29-cu “Çin Lanzou İnvestisiya və Ticarət Forumu”nda və “Beynəlxalq Qardaşlaşmış Şəhərlər Sənaye Təşviqi və İqtisadi, Ticari Əməkdaşlıq Konfransı”nda Sumqayıt Dövlət Universiteti ilə Çin Xalq Respublikasının (ÇXR) Heksi Universiteti arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və iştirak məqsədilə SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva ÇXR-da səfərdə oldular.
Qeyd edək ki, nümayəndələrimiz 2022-ci ildə SDU ilə onlayn formatda əməkdaşlıq müqaviləsi imzalamış ÇXR-in nüfuzlu univetsitetlərindən biri olan Heksi Universitetində bir neçə görüş və tədbirdə iştirak ediblər.
Əvvəlcə Heksi Universitetinin rektoru cənab Çjou Yun və digər rəhbər işçilərlə görüş keçirildi. Rektor qonaqları salamlayaraq onlara xoş arzularını çatdırdı. Dosent Qafar Atayev SDU-nun rektoru professor Elxan Hüseynovun salamlarını çatdırıb, səmimi qarşılanmadan məmnunluğunu ifadə etdi. Qarşılıqlı olaraq, universitetlə bağlı brendbook və milli xatirə hədiyyələri təqdim olundu.
Sonra geniş tərkibdə təşkil olunmuş görüşdə Çjou Yun Heksi Universiteti, dosent Qafar Atayev isə SDU haqqında məlumat verdilər.
Görüş zamanı Tarixi İpək Yolu və XXI Əsr Dəniz İpək Yolu siyasətinə cavab olaraq Çin və Azərbaycan arasında humanitar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, ümumi maraqların tanınması və genişləndirilməsinə diqqət çəkildi. Həmçinin əməkdaşlıq müqaviləsində nəzərdə tutulan SDU nəzdində Konfutsi İnstitutunun yaradılması və paralel olaraq, Heksi Universitetində Azərbaycan mədəniyyətinə həsr olunmuş Mərkəzin açılması məsələləri müzakirə olundu.
Geniş auditoriya qarşısında SDU-nun tədris imkanları və maddi-texniki bazasını əks etdirən videoçarx nümayiş olundu. Dosent Qafar Atayev “Çin-Azərbaycan ikitərəfli əlaqələri” mövzusunda, Sədaqət Fətullayeva isə SDU-nun beynəlxalq əlaqələri və beynəlxalq layihələrdə iştirakı barədə məlumatları əks etdirən təqdimatla çıxış etdilər.
Səfər çərçivəsində nümayəndələr müasir texnoloji avadanlıqlarla zəngin laboratoriyaları olan Ciquan Ali Texnoloji Peşə Kolleci və Qansu Kənd Təsərrüfatı Peşə Kollecində oldular və SDU ilə tələbə mobilliyi, elm-tədqiqat sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalandı.
2023-2026-cı illər ərzində “Universitetin Beynəlxalq eksperti” təyin olunması ilə bağlı dosent Qafar Atayevə və Sədaqət Fətullayevaya sertifikatlar təqdim olundu.
Qeyd edək ki, sentyabr ayında sözügedən məsələlərin reallaşdırılması və Azərbaycanda “Lu Ban” laboratoriyasının yaradılmasının ilkin detallarını müzakirə etmək məqsədilə ÇXR-in bir qrup nümayəndəsinin SDU-ya rəsmi işgüzar səfəri gözlənilir.
Mətbuat xidməti