Sumqayıt Dövlət Universiteti ilə Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universiteti arasında Anlaşma memorandumu imzalandı
2022/2023-cü tədris ilində Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndə heyəti müxtəlif vaxtlarda Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universitetində (BTU) ezamiyyətdə olmuş və BTU nümayəndə heyəti ilə mütəmadi olaraq onlayn görüşlər keçirmişdir.
Səfər çərçivəsində SDU nümayəndə heyəti ikili təhsil, ikili diplom və müxtəlif proqramlar, eyni zamanda, universitetin elmi-tədqiqat, istehsalat laboratoriyaları ilə yaxından tanış olmuşlar.
Qeyd etmək lazımdır ki, BTU Almaniya Federativ Respublikasının öndə gedən texniki universitetlərindəndir. SDU öz fəaliyyətində beynəlxalq əlaqələrə, xarici ölkələrə ezamiyyətə, xarici ölkə universitetləri ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyi üçün BTU ilə əlaqələri inkişaf etdirmişdir.
14 iyul 2023-cü il tarixində SDU və BTU arasındakı əməkdaşlığın inkişafını dəstəkləmək üçün iki universitet arasında Anlaşma memorandumu imzalanmışdır. Müəssisələr arasında birbaşa əlaqələri təşviq etmək üçün informasiya, birgə tədqiqat, tədris və təhsil proqramının inkişafı, müəllim və tələbə mobilliyi sahəsində əməkdaşlıq həyata keçiriləcəkdir.
Anlaşma memorandumunda qeyd olunan sahələr üzrə birgə əməkdaşlıq növbəti illərdə daha da intensivləşdiriləcəkdir.
Mətbuat xidməti