Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektorluğunun ilk iclası keçirildi
Yerləşdirilmə tarixi : 08 Sentyabr 2023 16:28
Sumqayıt Dövlət Universitetinin rektorluğunun ilk iclası keçirildi
Sentyabrın 8-də Sumqayıt Dövlət Universitetində 2023/2024-cü tədris ilinin başlanması ilə bağlı rektorluğun ilk iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi və gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı.
2023/2024-cü tədris ilinin payız semestrinə hazırlığın vəziyyəti haqqında İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev çıxış edərək SDU-da təmir-tikinti, yenidənqurma işlərinin davam etdirildiyini bildirdi, universitetdə görülmüş işlər və qarşıda duran vacib məsələlər barədə danışdı. Qeyd etdi ki, tədris auditoriyalarında cari təmir işləri aparılıb, universitetin ərazisində müasir tələblərə cavab verən minifutbol meydançasına süni yaşıl örtük döşənib. Qarşıda III tədris korpusunun üzlənməsi planlaşdırılır, həmçinin SDU-nun hər üç tədris korpuslarında turniketlerin quraşdırılması nəzərdə tutulur. Tədris prosesində nəzəriyyə və təcrübənin paralelliyini təmin etmək məqsədilə Mühəndislik, Kimya və biologiya, Fizika və elektroenergetika fakültələrinin laboratoriyaları üçün yeni avadanlıqlar alınıb.
Rektor bu istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsi, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlarını verdi.
Sonra Tədris metodiki mərkəzin müdiri Faiq Şirinov, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva çıxış edərək qeyd etdilər ki, bütün fakültələrdə dərs yükü bölgüsünün tamamlanması, dərs cədvəllərinin hazırlanması, auditoriyaların, laboratoriyaların və fənn kabinetlərində dərslərin keçirilməsinə hazırlıq işləri yerinə yetirilmişdir. Sonra rektor bir daha bütün auditoriyaların diqqətlə yoxlanılmasını və nəzərəçarpacaq çatışmazlıqların qısa müddətdə aradan qaldırılmasını fakültə dekanlarına tapşırdı.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov 15 sentyabr -“Bilik Günü”nə hazırlıqla əlaqədar görülən işlərin vəziyyəti barədə məlumat verdi və bildirdi ki, “Bilik Günü” ilə əlaqədar hazırlıqlar aparılır, universitetə yüksək balla qəbul olan tələbələrin tələbə biletlərinin və hədiyyələrin “Bilik Günü”ndə təntənəli surətdə təqdim olunması, eyni zamanda tədbirdə tələbələrin valideynləri, işə yeni qəbul olunmuş məzunlar və digər universitet əməkdaşlarından təbriklərin təqdim olunması nəzərdə tutulur.
Sumqayıt Dövlət Universitetinin akkreditasiya qiymətləndirilməsinə dair Akkreditasiya Komissiyasının Yekun hesabatında (2023) göstərilən çatışmazlıqların aradan qaldırılması üçün təqdim edilmiş tövsiyələrin yerinə yetirilməsinin təşkili barədə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov ətraflı məlumat verdi.
Qeyd olundu ki, “Sumqayıt Dövlət Universitetinin akkreditasiya qiymətləndirilməsinə dair Akkreditasiya Komissiyasının Yekun hesabatında göstərilən çatışmazlıqların aradan qaldırılması və təqdim edilmiş tövsiyələrin yerinə yetirilməsi üçün universitet üzrə rektorun R-38/1 nömrəli, 25 avqust 2023-cü il tarixli əmri ilə komissiya yaradılıb. Sonra professor Ramazan Məmmədovun məlumatı geniş müzakirə olundu. Qərara alındı ki, “Sumqayıt Dövlət Universitetinin akkreditasiya qiymətləndirilməsinə dair Akkreditasiya Komissiyasının Yekun hesabatında göstərilən çatışmazlıqların aradan qaldırılması üçün tədbirlərin görülməsi və nəticəsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatlandırılmasını təmin etmək məqsədilə: Akkreditasiya komissiyası tərəfindən təqdim olunan Yekun hesabatın hərtərəfli təhlilini, çatışmazlıqların aradan qaldırılmasını, zəruri tövsiyələrin vaxtında həyata keçirilməsini, bəzi tövsiyələr üzrə əsaslandırılmış cavab hazırlanmasını təmin etmək məqsədi ilə universitetin bütün struktur rəhbərləri – fakültə dekanları, dekan müavinləri, kafedra və şöbə müdirləri, digər bölmə rəhbərləri, professor-müəllim heyətinin bütün üzvləri, bir sözlə, kollektivin hər bir üzvü Akkreditasiya Komissiyasının Yekun hesabatını diqqətlə oxuyaraq, hər kəs öz sahəsinə aid olan tənqidi mülahizələrə fikilərini bildirməklə, çatızmazlıqların aradan qaldrılması və tövsiyələrin yerinə yetirilməsini, TKTA-ya göndəriləcək obyektiv və dolğun məlumatın hazırlanmasını təmin etmək üçün təklif və qeydlərini 8 oktyabr tarixinədək universitetin elmi katibi professor Muxtar Səmədova təqdim etsinlər.
Sonra SDU-nun tələbələrinin Türkiyənin Petkim və Star zavodlarında keçdikləri təcrübənin nəticələri barədə təcrübə rəhbəri  Elmi hissənin müdiri dosentSamir Orucov geniş hesabatla çıxış etdi. Bildirdi ki, cari ilin aprel ayında Sumqayıt Dövlət Universiteti və “SOCAR Downstream Management” MMC arasında imzalanan Anlaşma memorandumuna əsasən SDU-nun 4 tələbəsi 12 iyul – 5 avqust tarixlərində “Yay Təcrübə Proqramı” üzrə təcrübə keçdilər. Təcrübənin sonunda tələbələr təşkil olunmuş heyət qarşısında hesabat xarakterli təqdimatla çıxış etmiş və hər biri sertifikatla təmin olunmuşdur.
Türkiyənin Petkim və Star zavodlarında istehsalat təcrübəsində olan tələbələr bir ay müddətində ixtisaslarına uyğun istehsal sahələrində keçdikləri təcrübənin onların yaddaşında həmişəlik qalacağını bildirdilər. Onlara qardaş ölkədə təcrübə keçmək imkanı yaratdıqlarına görə Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə, şəxsən professor Elxan Hüseynova və SOCAR rəhbərliyinə təşəkkürlərini bildirən tələbələr təcrübə müddətindəki təəssüratlarını tələbə yoldaşları ilə bölüşdüklərini vurğuladılar. Onlar ildən-ilə əməkdaşlıq imkanlarını genişləndirən SDU-nun bu yöndəki fəaliyyətinin yüksəkixtisaslı kadr hazırlığında ciddi faktor olduğunu bildirdilər. Rektor təcrübə keçən tələbələrin universitet tələbələri qarşısında da motivasiya xarakterli çıxış etmələrini və Türkiyədəki mentorların da lazım olarsa tədbirə dəvət olunmasını tövsiyə etdi.
Dosent Samir Orucov onu da vurğuladı ki, Türkiyəyə səfər müddətində tələbələri müşayiət etmək məqsədi ilə universitetin əməkdaşları İzmir şəhərinə ezam olunmuşlar. Ezamiyyət çərçivəsində alimlərimiz “SOCAR Downstream Management” MMC tərəfindən təşkil olunan təlimlərdə iştirak etmiş, sonda test qiymətləndirmədə “Eğitim Pasportu” almağa müvəffəq olmuşlar, eyni zamanda İzmir şəhərində yerləşən bir neçə elm, tədqiqat və innovasiya müəssisələrini ziyarət etmişlər.  SDU nümayəndələri “Araşdırma Gelişdirme ve İnnovasion” MMC-də şirkətin Baş direktor müavini Maksud Məmmədov və nümayəndələri ilə görüşlərdə iştirak etmişlər.“İzmir Teknoloji Gelişdirme Bölgesi”ndə “Texnopark İzmir” MMC – nin Baş direktoru prof. Metin Tanoğlu ilə görüş zamanı SDU-da Elmi şuranın qərarı ilə yaradılan İnnovasiya Yaradıcılıq Mərkəzinin müasir texnoparklar səviyyəsində inkişaf etdirilməsi və bu sahədə SDU ilə “Texnopark İzmir” MMC arasında mümkün əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılmışdır.
Bu istiqamətdə işlərin davam edilməsi və gələcəkdə sözügedən zavodlarda təcrübə keçən SDU tələbələrinin sayının artırılmasının mümkünlüyü "SOCAR Downstream" rəhbərliyi ilə müzakirə olunması Ümumi işlər üzrə prorektor Əsəd Məmmədova və Keyfiyyət Təminatı Şöbəsinin müdiri Nərmin Həsənovaya tapşırıldı.
Həmçinin SDU-nun əməkdaşları dosent Samir Orucovun və baş müəllim Rasim Rəsulovun “SOCAR Turkey R&D and Innovation Co.”, “İzmir Yüksek Teknoloji Enstitüsü Tümleşik Araştırma Merkezleri” və “TEKNOPARKİZMİR” də keçirdikləri işçi görüşlərin nəticələri nəzərə alındı. Bu istiqamətdə işlərin davam etdirilməsi və gələcəkdə sözügedən müəssisələr ilə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova və Elmi hissənin müdiri dosent Samir Orucova tapşırıldı.
Rektor professor Elxan Hüseynov bir daha kollektivi “Bilik Günü” və yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası başa çatdı.
 
Mətbuat xidməti
 

 

 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az