SDU tələbələri SOCAR “Yay Təcrübə Proqramı”nda iştirak etdilər
Cari ilin aprel ayında Sumqayıt Dövlət Universiteti (SDU) və “SOCAR Downstream Management” MMC arasında imzalanan Anlaşma memorandumuna əsasən SDU-nun 4 tələbəsi 12 iyul – 5 avqust tarixlərində “Yay Təcrübə Proqramı”nda iştirak etmək üçün Heydər Əliyev adına Neft Emalı Zavoduna, 6 avqust – 2 sentyabr tarixlərində isə SOCAR-ın Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən törəmə müəssisələri “Petkim” neft-kimya kompleksi və “Star” Neft Emalı Zavoduna ezam ediliblər. SDU-nun Kimya mühəndisliyi ixtisasının tələbələri Lamiyə Sayılova və Səddan Səfərov SƏTƏM, İslam Məmmədzadə İstehsalat, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi Qüdrət Ağazadə isə Proseslərə nəzarət və avtomatika üzrə istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramının sonunda tələbələr hesabat xarakterli təqdimatla çıxış edib və hər biri sertifikatla təmin olunub. İstehsalat təcrübəsində ixtisasları üzrə ilkin bacarıqlara yiyələnən tələbələr gələcək fəaliyyətlərində lazım olacaq mühüm bilik və səriştə əldə ediblər.
Türkiyəyə səfər müddətində tələbələri müşayiət etmək məqsədilə SDU-nun əməkdaşları Elmi hissənin müdiri dosent Samir Orucov və Mühəndislik fakültəsinin baş müəllimi Rasim Rəsulov İzmir şəhərinə ezam olunublar. “SOCAR Downstream Management” MMC tərəfindən təşkil olunan təlimlərdə iştirak edən alimlər sonda test qiymətləndirməsində “Təhsil Pasportu” almağa müvəffəq olublar. Onlar, həmçinin İzmir şəhərində yerləşən bir neçə elm, tədqiqat və innovasiya müəssisələrini ziyarət edib və müxtəlif görüşlər keçiriblər.
“İzmir Teknoloji Gelişdirme Bölgesi”ndə “Texnopark İzmir” MMC – nin Baş direktoru professor Mətin Tanoğlu ilə görüş zamanı SDU-da Elmi şuranın qərarı ilə yaradılan “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin müasir texnoparklar səviyyəsində inkişaf etdirilməsi və bu sahədə SDU ilə “Texnopark İzmir” MMC arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. İzmir Yüksək Texnologiya İnstitutunda İnstitutun Tədqiqat Mərkəzinin direktoru Nəsrin Qafaroğulları nümayəndə heyətini mərkəzin laboratoriyaları ilə tanış edib və orada görülən işlər, aparılan tədqiqatlar haqqında geniş məlumat verib.
Mətbuat xidməti