SDU-nun yeni rektoru kollektivə təqdim olundu
Sumqayıt Dövlət Universitetinin (SDU) yeni rektoru Rüfət Əzizov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.
İlk əvvəl təqdimatda iştirak edənlərin şəxsində universitetin kollektivini yeni tədris ili münasibətilə təbrik edən Elm və təhsil nazirinin müavini Firudin Qurbanov daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 sentyabr 2023-cü il tarixli Sərəncamları barədə məlumat verdi, hər iki Sərəncamı oxudu.
Çıxışını Rüfət Əzizovun yeni vəzifəyə təyin olunması istiqamətində davam edən nazir müavini sabiq rektor Elxan Hüseynovun pedaqoji, elmi, habelə diplomatik fəaliyyətindən danışdı. Professor Elxan Hüseynovun SDU-nun rektoru postundakı xidmətlərini universitetin həyatında islahatlar ili kimi qaldığını bildirən Firudin Qurbanov ali təhsil müəssisəsində maddi-texniki bazanın möhkəmləndirilməsini, müasir tələbə yataqxanasının, idman kompleksinin qurularaq istifadəyə verilməsini aparılan islahatlar fonunda baş verdiyini qeyd etdi. Professor Elxan Hüseynovun səmərəli fəaliyyətinə görə Elm və təhsil naziri Emin Əmrullayevin təşəkkürünü çatdıran nazir müavini onun öz bilik və bacarığının, zəngin iş təcrübəsinin gələcək nəslin yetişməsinə fayda verəcəyinə inandığını vurğuladı.
85 ixtisas üzrə ali təhsilin iki pilləsində kadr hazırlayan ali təhsil müəssisəsinin qarşısında dayanan aktual, dövrün tələblərinə cavab verən vəzifələrdən danışan natiq yeni təyin olunan rektor Rüfət Əzizovun və universitet kollektivinin bunun öhdəsindən gələcəyinə inandığını bildirib. “Bizdə universitetlər tədrisi əsasən nəzəri biliklərin üzərində qururlar, lakin qabaqcıl dünya təcrübəsi göstərir ki, praktik bilik və bacarıqlara üstünlük verilməlidir”- deyən nazir müavini kadr hazırlığında yerli istehsalın məzmun və xarakterinin prioritet olmasını xatırlatdı, ali təhsil müəssisəsinin bu yönümdə uğurlar qazanacığına inandığını bildirdi.
Çıxış üçün söz alan professor Elxan Hüseynov özünün və universitetin onunla birgə fəaliyyətinə verilən qiymətə görə təşəkkür etdi, yeni təyin olunan rektor Rüfət Əzizova uğurlar arzuladı. O, SDU-nun kollektivi ilə ən yüksək nəticələrə nail olunacağına inandığını bildirdi: “Daxilən əminəm ki, Rüfət müəllimin şəxsində gəncliyin yaradıcı yanaşması və enerjisi öz sözünü deyəcək”.
Hansı vəzifədə çalışmasından asılı olmayaraq Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna, Prezident İlham Əliyevin tutduğu islahatlar yoluna xidmət etməsindən şərəf duyduğunu söyləyən professor Elxan Hüseynov birgə işdəki dəstəyə görə universitet kollektivinə minnətdarlığını bildirdi.
Ona yüksək etimad göstərdiyinə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edən rektor Rüfət Əzizov hər bir etimadın şəxsi məsuliyyət yaratdığını qeyd edərək, 60 ildən artıq müddətdə öz ənənələrini formalaşdırmış Sumqayıt Dövlət Universitetinin potensialının maksimum ortaya qoyulacağına inandığını bildirdi: “Kadr hazırlayarkən inanıram ki, hədəfimiz Sumqayıt şəhərinin sənaye potensialını, əmək bazarındakı tələbatı, ancaq bugünkü deyil, sabahkı tələbatın tələb etdiyi standartlara uyğun məzunlar yetişdirmək olacaq”.
Bu kadrların həm də hərbi sənaye kompleksi üçün hazırlanmasının prioritet olduğunu bildirərək bununla bağlı sosial çağırışlara cavab veriləcəyini qeyd edən rektor Rüfət Əzizov hər bir təhsil müəssisəsi kimi, Sumqayıt Dövlət Universitetinin də başlıca vəzifəsinin vətənpərvər, yüksək mənəviyyatlı gənclər yetişdirməkdən ibarət olduğunu vurğuladı.
Mətbuat xidməti