SDU-da Bilik Günü qeyd edildi
İnsan həyatında elə unudulmaz illər, günlər olur ki, həyatının sonuna qədər bu şirin xatirələrin işığına sığınmaq, istisinə qızınmaq sənə bəs edir, yenidən bir ömür yaşamaq qədər zövq verir. Ömrün ən qayğısız, unudulmaz tələbəlik illəri...
Sumqayıt Dövlət Universiteti növbəti dəfə öz qapılarını tələbələrin üzünə açdı. Sentyabrın 15-də SDU-da Bilik günü təntənə ilə qeyd edildi.
Əvvəlcə professor-müəllim heyəti Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru Rüfət Əzizov açaraq professor - müəllim, tələbə heyətini, xüsusilə birinci kurs tələbələrini və onların valideynlərini 2023-2024-cü tədris ilinin başlanması münasibətilə təbrik edib, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, ali məktəbdə tədris ilinə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışdı. Builki Bilik Gününün əlamətdar bir tarixə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf etdiyini önə çəkən rektor Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik siyasətimizin hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ali təhsil sahəsində də əhəmiyyətli uğurların əldə edildiyini və ali təhsilin inkişafına yüksək dövlət qayğısının göstərildiyini diqqətə çatdırdı.
Bildirdi ki, dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Bunun nəticəsidir ki, gənclərimiz müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərərək, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Ali təhsil müəssisələrinin vəzifəsi təkcə peşəkar kadrlar yetişdirmək deyil, həm də sözün həqiqi mənasında dövlətinə, millətinə layiqli vətəndaşlar yetişdirməkdir. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti yarandığı vaxtdan etibarən üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. İllər ötdükcə Sumqayıt Dövlət Universiteti məhz Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilib.
Rüfət Əzizov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə rektor təyin olunduğunu nəzərə çatdıraraq, göstərilən yüksək etimada görə dövlət başçısına minnətdarlığını ifadə edib, qarşıda duran vəzifələrin uğurla icrası üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Universitetin hədəfləri barədə məlumat verən rektor müxtəlif istiqamətlər üzrə elmi tədqiqat işlərinin yüksək səviyyədə aparılmasını, təhsilin məzmununun müasir tələblərə uyğun olaraq müəyyən edilməsini vurğuladı, tələbələrə tələbkar və təşəbbüskar olmağı tövsiyə etdi. Bu istiqamətdə tələbələrin savadlı, bilikli, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə, ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına, fəaliyyətlərində vətənpərvərlik və dövlətçilik prinsiplərini əsas tutacaqlarına, Sumqayıt Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə əminliyini ifadə etdi.
Sonra qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə tələbə biletləri və xatirə hədiyyələri təqdim edildi.
Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Humay Babazadənin ifasında Ulu Öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı səsləndi.
Tədbirdə 2-ci Vətən müharibəsinin iştirakçısı, Riyaziyyat fakültəsinin II kurs tələbəsi qazi Rahil Xəlilov, Diferensial tənliklər və optimallaşdırma kafedrasının müəllimi Gülnarə Zülfəliyeva və SDU-nun 2021/2022-ci tədris ilinin məzunu, hazırda İqtisadiyyat kafedrasının əməkdaşı Şükür Əliyev çıxış edərək gənclərə göstərilən dövlət qayğısından danışıb, tələbələrə uğurlar arzuladılar.
2023-2024-cü tədris ilində SDU-nun Riyaziyyat fakültəsinin I kursuna yüksəkballa qəbul olmuş tələbə Arzu Ağayeva çıxışında şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinə daxil olduğu üçün sevinc hissi keçirdiyini və bu təhsil ocağının adını daima yüksək tutacağını bildirdi.
Valideynlər adından 2023-2024-cü tədris ilində Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin I kursuna qəbul olmuş tələbə Leyla Fərmanovanın atası Zaur Fərmanov çıxış edərək professor-müəllim və tələbə heyətini təbrik etdi, onlara təhsildə və həyatda uğurlar arzuladı.
Tədbir universitetin marşı ilə yekunlaşdı.
Mətbuat xidməti