Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Əsrin müqaviləsi”nə həsr olunmuş tədbir keçirildi
Yerləşdirilmə tarixi : 22 Sentyabr 2023 16:45
SDU-da “Əsrin müqaviləsi”nə həsr olunmuş tədbir keçirildi
Sentyabrın 22-də universitetdəki Heydər Əliyev Məktəbində “Əsrin müqaviləsi” müstəqil respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb” mövzusunda məşğələ keçirildi.
Tədbiri açan universitet rektoru Rüfət Əzizov  ilk olaraq iştirakçıları salamladı, sentyabr ayının 19-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı lokal antiterror əməliyyatının qısa müddətdə, uğurla başa çatması münasibəti ilə onları təbrik etdi: “Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanaraq aparılan bu əməliyyat Azərbaycan Respublikasının qədim və ayrılmaz tərkib hissəsi olan Qarabağ iqtisadi rayonunda əbədi rifaha yol açdı”.
Rüfət Əzizov sözlərinə davam edərək “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında imzalanan müqavilədən 29 il keçdiyini qeyd etdi. Sözlərinə davam edən rektor “Əsrin müqaviləsi” nin tarixi əhəmiyyətindən, bu müqavilənin Ümummilli Lider  Heydər Əliyevin şəxsi nüfuzu, qətiyyətli mövqeyi və həmin dövrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi danışıqlar prosesində iştirak edən İlham Əliyevin diplomatik məharəti nəticəsində imzalandığını vurğuladı. “Əsrin müqaviləsi”nin çox mürəkkəb və çətin bir dövrdə imzalandığını xatırladan Rüfət Əzizov həmin dövrdə Azərbaycan ətarfındakı geosiyasi mühit, Ulu Öndərin iradəsi ilə sənəddə milli mənafelərimizin qorunmasına yönələn əməli dəyişikliklər olunduğunu qeyd etdi. Universitetin rektoru imzalanan müqaviləni ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıc nöqtəsi olduğunu bildirdi: “Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyası bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir”.  
Rektor, həmçinin bu müddət ərzində Azərbaycan xalqı və dövlətinin sahibi olduğu neft kapitalının insan kapitalına çevirilməsi istiqamətində aparılan məqsədyönlü siyasət, ötən müddət ərzində ölkədə aparılan quruculuq işləri, gənclərin dünyanın aparıcı universitetlərində təhsil alması barədə danışaraq, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın uğurlu icrasını vurğuladı.
Tarix və coğrafiya fakültəsinin dekanı, professor, əməkdar müəllim Adil Baxşəliyev “ “Əsrin müqaviləsi”ni reallaşdırmağa qadir olan yeganə şəxs – Heydər Əliyev” mövzusunda məruzəsində  “Əsrin müqaviləsi”nin ölkəmizə verdiyi iqtisadi və siyasi töhfələrdən söz açdı: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir”.
Kimya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Musa Mustafayev “Əsrin müqaviləsi müstəqil Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı”, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri, dosent Loğman Abdullayev “Əsrin müqaviləsi beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə töhfədir”, Mühəndislik fakültəsinin IV kurs tələbəsi Elvira İbişova “44 günlük Zəfər tariximizdə neft strategiyasının rolu” mövzularında çıxış edərək “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin və insan kapitalının davamlı inkişafına güclü təkan verdiyini və Azərbaycanın iqtisadi qüdrətini daha da artırdığını qeyd etdilər.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az