SDU-nun Strateji İnkişaf Mərkəzi və Təhsildə Keyfiyyət Təminatı şöbəsi fakültələrlə görüş keçirdi
10-20 sentyabr tarixlərində Sumqayıt Dövlət Universitetinin Strateji İnkişaf Mərkəzinin direktoru dosent Günel Paşayeva və Təhsildə Keyfiyyət Təminatı şöbəsinin müdiri Nərmin Həsənova fakültələr üzrə təşkil olunmuş görüşlərdə iştirak etmişlər. Keçirilən görüşlərin məqsədi strukturların fəaliyyəti barədə universitet əməkdaşlarını məlumatlandırmaq və onların bu istiqamətdə vacib rolu haqqında maarifləndirmə işinin aparılması olmuşdur.
Nərmin Həsənova əməkdaşlara keyfiyyət təminatı haqqında ətraflı məlumat verdi. Keyfiyyət Təminatı Siyasəti sənədi, Keyfiyyət Təminatı Bələdçisi (Qaydalar Toplusu) barədə geniş müzakirələr aparıldı. Nərmin Həsənova çıxışının sonunda Təhsildə Keyfiyyət Təminatı şöbəsi tərəfindən müxtəlif mövzularda hazırlanan sorğularda əməkdaşların fəal iştirak etməsinin vacibliyini vurğuladı.
Daha sonra dosent Günel Paşayeva universitetin missiyası, vizyonu, əsas dəyərləri, Strateji İnkişaf Planında qarşıya qoyulan hədəflər və ondan irəli gələn strateji fəaliyyətlər haqqında əməkdaşları məlumatlandırdı. Günel Paşayeva çıxışında qeyd etdi ki, SİP – də qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün hər il Fəaliyyət Planı hazırlanır ki, burada bütün istiqamətlər üzrə icra etməli işlər əks olunur və hər bir əməkdaş öz iş planında bunları nəzərə alır.
Mətbuat xidməti