SDU-da Beynəlxalq Müəllimlər Günü qeyd edildi
Oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru Rüfət Əzizov açaraq professor-müəllim heyətinə ən xoş arzularını çatdırdı, onlara çətin və şərəfli işlərində uğurlar arzu etdi. SDU-nun inkişafı naminə birgə və səmərəli fəaliyyətin vacibliyini qeyd edən Rüfət Əzizov ölkədə aparılan çoxşaxəli təhsil islahatlarından danışdı. Bildirdi ki, müəllim peşəsi cəmiyyətdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar cəmiyyəti inkişaf etdirir, ölkəni, dövləti gücləndirir.
Azərbaycan xalqının milli təfəkküründə müəllim adı həmişə uca tutulmuş və bu peşə sahiblərinə böyük ehtiram göstərilmişdir. Ümummilli Lider Heydər Əliyevin müəllim adına hər zaman yüksək dəyər verdiyini qeyd edən rektor hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən əhəmiyyətli dəyişikliklər nəticəsində müəllimlərin sosial rifahının yüksəlməsi və hərtərərfli inkişafı üçün yaradılan əlverişli imkanlardan bəhs etdi.
Diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universiteti Sumqayıt şəhəri və region üçün müəllim hazırlığı həyata keçirir və peşəkar kadrların yetişdirilməsi yolunda tarixi missiyasını uğurla davam etdirir. Əminəm ki, bu ali təhsil ocağı müasir qlobal çağırışlara uyğun yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına və insan kapitalının davamlı inkişafına, elmi-intellektual mühitin formalaşmasına bundan sonra da öz layiqli töhfəsini verəcəkdir.
Rektor çıxışında onu da vurğuladı ki, Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması üçün böyük işlər görülür. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi genişmiqyaslı islahatların əsas məqsəd və hədəflərindən biri müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması və cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun artırılmasıdır. Son illər bu sahədə ürəkaçan uğurlar, təqdirəlayiq nəticələr əldə edilib. İnanırıq ki, gerçəkləşdirilən məqsədyönlü fəaliyyət və səmərəli əməli tədbirlər nəticəsində ölkəmiz təhsil sahəsində, o cümlədən müəllim hazırlığında daha böyük uğurlar qazanacaq. Bu istiqamətdə bizim üzərimizə müstəqil ölkəmiz üçün dərin və hərtərəfli biliyə malik, yüksək səviyyəli, geniş dünyagörüşlü, zəngin mənəviyyatlı, vətənpərvər və milli ruhlu geniş profilli, pedaqoji kadrların hazırlanması düşür. Biz bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əzmlə, fədakarlıqla çalışmalı, müasir dövrün təhsil fəlsəfəsinə uyğun olaraq fəaliyyətimizdə kreativ olmalı, innovativ təşəbbüs və ideyaları tətbiq etməliyik.
Həmçinin rektor Pedaqoji ixisas üzrə təhsil alan tələbələrin Sertifikasiyadan keçmələri üçün universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması və digər vacib istiqamətlərin əsas məqsədlərdən olduğunu diqqətə çatdırdı.
Daha sonra universitetin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə bir qrup müəllim universitet rəhbərliyi tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif olundular.
Sonra rektor Rüfət Əzizov Əməkdar müəllim, dosent Zəfər Hüseynovu uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına görə və anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edib, Fəxri fərman və pul mükafatı ilə təltif etdi. Qeyd etdi ki, ömrünün böyük bir hissəsini dəqiq elmlərin tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən alim onlarla dərslik, dərs vəsaiti və çoxsaylı elmi məqalələrin müəllifidir.
Dosent Zəfər Hüseynov pedaqoji fəaliyyətindən söhbət açdı və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi.
Mətbuat xidməti