SDU-da “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirildi
Oktyabrın 11-də Bakı Politoloqlar Klubu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstək məqsədi güdərək, Sumqayıt Dövlət Universitetinin təşkilati dəstəyi ilə 450 nəfər professor-müəllim heyəti, tələbələr, ictimai fəalların iştirak etdiyi “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirildi.
Öncə SDU-nun rektoru Rüfət Əzizov və qonaqlar universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov konfrans iştirakçılarını salamladı, mövzunun aktuallığına toxunaraq regionlarda bu istiqamətdə tədbirlərin əhəmiyyətini vurğuladı.
Rektor ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusu üzrə ardıcıl işlərin görülməsinin vacibliyini qeyd etdi və bu istiqamətdə universitetinin gələcək planları haqqında auditoriyanı məlumatlandırdı.
Layihənin rəhbəri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov rektor Rüfət Əzizova yaratdığı şəraitə görə təşəkkür edərək “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” layihəsinin məqsədləri haqqında danışdı, “Tarixi Azərbaycan torpaqlarına qayıdış – milli prioritetimizdir: Prezident İlham Əliyevin Qərbi Azərbaycan hədəfi” mövzusunda çıxış etdi.
Eyni zamanda, “Qərbi Azərbaycan: tarixi – siyasi aspektlər” adlı məqalələr toplusunu Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasına təqdim olunduğunu qeyd etdi.
Daha sonra, Prezident İlham Əliyevin Qərbi Azərbaycan siyasəti ilə bağlı videoçarx nümayiş olundu.
Milli Məclisin deputatı professor Musa Qasımlı “Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması” mövzusunda tədbir iştirakçıları qarşısında geniş nitqlə çıxış etdi.
Professor İrəvan və ətrafının, Zəngəzurun, Göyçənin necə və hansı vəziyyətdə ermənilərə verilməsi haqqında ətraflı danışdı.
Milli Məclisin deputatı professor Anar İsgəndərov “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası; Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyəti” mövzusunda çıxış etdi.
O, Ulu Öndərin Zəngəzurla və Naxçıvanla bağlı apardığı siyasətin mahiyyətindən bəhs etdi.
Milli Məclisin deputatı, iqtisad elmləri namizədi Emin Hacıyev “Qərbi Azərbaycana qayıdış milli prioritet kimi” mövzusunda çıxışı zamanı qayıdış prosesinə, Zəngəzur dəhlizinin əhəmiyyətinə toxundu.
Rəsmi çıxışçılardan sonra elmi – praktiki konfrans interaktiv formada davam etdi, alimlər, ziyalılar və gənc fəallar mövzu ilə bağlı öz fikirlərini bildirdilər.
Xatırladaq ki, 26 yanvar 2023-cü ildə qəbul edilmiş Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyin qəbul edilməyəcəyi bildirilir.
Həmçinin, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsi tələb edilir.
Qərbi Azərbaycan konsepsiyasının irəli sürülməsi, tarixi Azərbaycan torpaqları ilə bağlı dövlətimizin məqsədyönlü fəaliyyəti gələcək onillərdə böyük məqsədlərimizə çatmaq üçün olduqca vacib amillərdir.
Ulu Öndər Heydər Əliyev tərəfindən başladılan, bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən milli maraqlara söykənən və gələcək əsrləri əhatə edəcək siyasi konsepsiya birmənalı olaraq Azərbaycanın tarixi ərazilərinə qovuşmasına gətirib çıxaracaq.