Sumqayıt Dövlət Universiteti ilə Polimer Materialları İnstitutu arasında memorandum imzalandı
Noyabrın 2-də Sumqayıt Dövlət Universiteti ilə Polimer Materialları İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsi üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.
Tədbirdə PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru professor Bəxtiyar Məmmədov və SDU-nun rektoru Rüfət Əzizov başda olmaqla hər iki müəssisənin nümayəndə heyəti, Elm və Təhsil Nazirliyi yanında Elm və ali təhsil üzrə dövlət agentliyinin şöbə müdiri Samir Həmidov iştirak edirdilər.
Universitetin rektoru Rüfət Əzizov qonaqları qəbul edərək onları universitetdə görməkdən məmnunluğunu bildirdi və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi, kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verərək, tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq edilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verdi. İmzalanan memorandumun təhsil sisteminin prioritet məsələlərindən olan elm və ali təhsilin inteqrasiyası prosesinə təkan verəcəyini xüsusi ilə vurğuladı.
Polimer Materialları İnstitutunun direktoru, professor Bəxtiyar Məmmədov çıxış edərək səmimi qəbula görə SDU-nun rektoru Rüfət Əzizova təşəkkürünü bildirdi, universitetin təhsil modelini yüksək qiymətləndirərək müasir texnologiyaların tətbiqini tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil olduğunu bildirdi.
Rəhbərlik etdiyi institutun ali məktəblərlə, o cümlədən SDU ilə əməkdaşlığının möhkəmləndirilməsinin əhəmiyyətindən danışdı, institutda tələbələrin universitetdə əldə etdikləri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri üçün hər cür şəraitin olduğunu bildirdi. Universitet əməkdaşlarının da öz növbələrində PMİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları və onlarda praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivlərdən söz açdı.
Qeyd etdi ki, SDU-nun PMİ-də “Polimer materiallarının texnologiyası” tədris mərkəzi yaradılmışdır. Tədris mərkəzi respublikanın, xarici kimya müəssisələrinin və şirkətlərinin tələblərini tam təmin edən mütəxəssislərin hazırlanması, ali təhsilli mütəxəssis hazırlanmasının əsas şərtləri olan elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi məqsədlərini daşıyır. Bu istiqamətdə imzalanan memorandum iki müəssisə arasında aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir.
Elm və ali təhsil üzrə dövlət agentliyinin şöbə müdiri Samir Həmidov çıxış edərək universitetlə müəssisə arasında əlaqələri daha da inkişaf etdirmək üçün bu görüşün əhəmiyyətini və geniş spektrda əməkdaşlığın mümkünlüyünü bildirdi.
Məlumat üçün bildirək ki, Müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı anlaşma, yüksəkixtisaslı kadrların hazırlanması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.
Sondamemorandumun detalları, gələcək planlar barədə fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti