SDU-da “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiya çərçivəsi” mövzusunda infosessiya təşkil olunub
Noyabrın 6-da Sumqayıt Dövlət Universitetində “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiya çərçivəsi” mövzusunda infosessiya keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşları Gülnar Tahirli, Mehriban Eyvazova və universitetin professor-müəllim heyəti iştirak etdilər.
Universitetin Strateji İnkişaf Mərkəzinin rəhbəri Günel Paşayeva çıxış edərək qonaqları və iştirakçıları salamladı. O, öz çıxışında ölkəmizdə XXI əsrin tələblərinə uyğun təhsil quruculuğunda “Ömürboyu təhsil” konsepsiyasının böyük rolu olduğunu vurğuladı. Günel Paşayeva qeyd etdi ki, universitetin qarşıya qoyduğu müəyyən strategiya və hədəfləri vardır ki, ömüboyu təhsil xidmətləri də bu strategiyanın bir istiqamətini təşkil edir. Bu baxımdan bu infosessiya universitetin maraqlarını tam təmin edir.
ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Gülnar Tahirli milli kvalifikasiya çərçivələrinin mahiyyəti, əhəmiyyəti, ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi və Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) barəsində iştirakçılara məlumat verdi. Təlimdə AzMKÇ-nin məqsədləri, səviyyələri, səviyyə deskriptorları, Avropa ali təhsil məkanında kvalifikasiyaların müqayisəsi və tanınmasında daşıdığı funksiyalar barəsində ətraflı informasiya təqdim edildi.
Təlimdə müzakirə zamanı Rektorun müşaviri Könül Abaslı çıxış edərək ömürboyu təhsilin imkan və faydalarından bəhs etdi və bu sahədə beynəlxalq təcrübədən nümunələri paylaşdı. O, ömürboyu təhsilin təşviqində ali təhsil müəssisələrinin rolunun vacibliyini qeyd etdi.
Daha sonra şöbənin digər əməkdaşı Mehriban Eyvazova “ADDİE modeli” mövzusunda təqdimatla çıxış etdi. Mehriban Eyvazova bildirdi ki, burada əsas məqsəd pedaqoji dizayn modeli olan “ADDİE modeli” barədə müəllimləri məlumatlandırmaqdır. O, qeyd etdi ki, ADDİE Təlimat dizaynı, yeni bilik və bacarıqların öyrənilməsi və tətbiq edilməsi üçün təlim-tədris təcrübəsinin və materiallarının sistematik şəkildə tərtib olunması prosesidir. Bu prosesə təlim-tədris ehtiyacının analizi və proqramın dizayn edilməsi, materialların hazırlanması, iştirakçılara təqdim edilməsi və effektin ölçülməsi mərhələləri daxildir.
Mətbuat xidməti