SDU “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanıb
Azərbaycan ali təhsil müəssisələri 2005-ci ildən etibarən “ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsində iştirak edirlər. Bir neçə mərhələdən ibarət olan müsabiqənin Azərbaycan üzrə təşkilatçısı Bakı Mühəndislik Universitetdir.
Bakı Mühəndislik Universiteti və ADA Universitetinin təşkilatçılığı ilə “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XIX Azərbaycan Birinciliyi) keçirilib. Müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 56 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib. Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.
İlk dəfə olaraq bu müsabiqəyə qatılan SDU-nu dörd komanda təmsil edib. Universitetin Mühəndislik fakültəsinin “Avtomatika və idarəetmə kafedrası”nın professoru Cavanşir Məmmədovun rəhbərlik etdiyi SDU-3 komandası hər iki mərhələni uğurla keçməyi bacarıb. Beləliklə, Mühəndislik fakültəsinin 2-ci kurs tələbələri Səxavət Cəfərli, Mövla Əhməd, Amin Nəcəflidən ibarət komanda üzvləri professor Cavanşir Məmmədovun rəhbərliyi ilə yarımfinalda iştirak edəcək.
Qeyd edək ki, cari ilin 10-14 dekabr tarixlərində Gürcüstan Respublikasında keçiriləcək “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak etmə hüququ qazanan komandamız çempionatın favoritləri sırasındadır.
Mətbuat xidməti