Tələbələrimiz Respublika Universiadasında yüksək nəticələr əldə ediblər
Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Bu gün Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Keçirilən mötəbər yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin idmançı tələbələri təşkil olunan müxtəlif idman yarışlarında iştirak edir, qələbələr qazanır və SDU-nun adını ucaldırlar.
Noyabrın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqı İdman Təşkilatları Assosiasiyası və “Gənclik” TİC RŞ-nın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika Universiadası keçirildi.
Universiadada Yunan-Roma güləş növü üzrə I yerə 97 kq çəki dərəcəsində 866 saylı qrup tələbəsi Anar Abdulsalamov, III yerə 72 kq çəki dərəcəsində 756 saylı qrup tələbəsi Fizad Quluzadə, 130 kq çəki dərəcəsində 766 saylı qrup tələbəsi Cavid Zülfiyev və 97 kq çəki dərəcəsində 752 saylı qrup tələbəsi Taleh Həsənzadə layiq görülüblər.
Sərbəst güləş növü üzrə II yeri 97 kq çəki dərəcəsində 359 saylı qrup tələbəsi Sənan Əliyev, 125 kq çəki dərəcəsində Cavid Zülfiyev, 70 kq çəki dərəcəsində III yeri isə Ələddin İsgəndərli tutub.
Noyabrın 16-da Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov qalib idmançılarımızı qəbul edərək rektor Rüfət Əzizovun təbriklərini çatdırdı, dövlət başçısının idmançılara və idmana göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirdi ki, dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib. Dövlət tərəfindən idmanın kütləviliyinin təmin edilməsi ölkədə sağlam nəsil formalaşdırılmasının təminatıdır. Bu istiqamətdə tələbələrimizin idman sahəsində qazandığı uğurlar hər kəsi sevindirir.
Çıxış edən gənclər də gələcəkdə uğurlu nəticələri ilə onlara göstərilən ehtimadı doğruldacaqlarını, universitetin adını yüksək səviyyəli yarışlarda layiqincə təmsil edəcəklərini bildiriblər.
Mətbuat xidməti