“Clarivate Analytics” şirkətinin eksperti SDU-da
Noyabrın 16-da “Clarivate Analytics” şirkətinin eksperti İneş Kenjinanın iştirakı ilə Sumqayıt Dövlət Universitetinin bir qrup alim və tədqiqatçıları üçün praktik təlim keçirildi.
Qeyd edək ki, universitetin beynəlxalq reytinq sistemlərində təmsil olunması və mövcud mövqeyini gücləndirmək üçün əsas göstəricilərdən biri də nüfuzlu elmmetrik data bazalarda məlumatların olmasıdır. Kimya sənayesi şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin beynəlxalq elmi nəşrlər data bazalarında əhəmiyyətli dərəcədə elmi məqalələri nəşr olunmuşdur. 60 ildən çox inkişaf tarixinə malik SDU yarandığı gündən bir neçə ad altında fəaliyyət göstərdiyinə görə universitetin elmi mülkiyyətinə müəllif hüququnu qorumaq üçün reytinq sistemlərinin istinad etdiyi məlumat bazalarında informasiyanın dəqiqliyi təmin olunmalıdır. Təlimin məqsədi də nüfuzlu elmi jurnallarda alim və tədqiqatçılarımızın müəllif rekvizitlərinin vahid formatda yazılması, müəllif profillərinin izlənməsi və tədqiqatçıları elmi əsərlərinin məhsuldarlığının ölçülməsi vasitələri ilə tanış etmək idi.
“Web of science platformasında elmi nəşrlər üçün uyğun jurnalın seçilməsi” adlı təqdimatla çıxış edən Clarivate şirkətinin MDB ölkələri üzrə nümayəndəsi İneş Kenjina tədqiqatın aparılması, uyğun jurnal seçimi, nəşrə hazırlıq, elmi nəşrlərə istinad, Web of science platformasındakı ödənişli və ödənişsiz jurnallar, müşayiət məktubunun (cover letter) yazılması və məqalələrin resenziyalaşdırma prosesi barəsində ətraflı məlumat verdi.
İnteraktiv şəkildə keçən təlim sual-cavab sessiyası ilə davam etdi.
Mətbuat xidməti