Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU və SOCAR-ın birgə təşkilatçılığı ilə tədbir keçirildi
Yerləşdirilmə tarixi : 22 Noyabr 2023 01:30
SDU və SOCAR-ın birgə təşkilatçılığı ilə tədbir keçirildi
Noyabrın 20-də “Heydər Əliyev İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış oldular.
Universitetin Akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 44 günlük Vətən müharibəsində və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra “Ulu Öndər və Azərbaycan gəncləri” mövzusunda videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə universitetin rektoru Rüfət Əzizov açaraq qonaqları  və iştirakçıları salamladı, 2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd edilməsinin Ümummilli Liderin əziz xatirəsini əbədiləşdirmək istiqamətində universitetdə həyata keçirilən silsilə tədbirlərdən biri olduğunu qeyd etdi. Azərbaycanda neft strategiyasının inkişafından və Ulu öndər Heydər Əliyevin bu sahədəki əvəzsiz xidmətlərindən danışdı. Bildirdi ki, Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Azərbaycanın bugünkü neft strategiyasının əsasları məhz ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılıb. Həmin illərdə mütərəqqi neftçıxarma texnikasının tətbiqi, neftayırmada ən müasir texnologiya əsasında yeni emal qurğularının tikilməsi nəticəsində Azərbaycanın neft sənayesi keçmiş SSRİ miqyasında ön mövqeyə çıxdı. Ümummilli Liderin uğurlu neft strategiyasının müstəqillik dövründəki başlanğıc nöqtəsi isə “Əsrin müqaviləsi” ilə qoyuldu. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti ölkəni sürətli inkişafa aparır. TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan neft-qaz boru kəmərləri layihələrinin bu gün Azərbaycana gətirdiyi gəlirlər insan kapitalının, elmin və təhsilin inkişafına təkan verir. Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən rektor 2017-ci ildə Azəri-Çıraq-Günəşli yatağının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişinin 2056-cı ilə qədər uzadıldığını vurğuladı.
Rektor çıxışının sonunda onu da diqqətə çatdırdı ki, Heydər Əliyevin şəxsiyyətinin və onun gördüyü işlərin miqyası o qədər geniş, çoxşaxəlidir ki, bütün bunlar elmi araşdırmalar aparmağa, monoqrafiyalar yazmağa, dissertasiyalar müdafiə etməyə, ümumiləşdirmələr aparmağa tam əsas verir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov çıxış edərək təmsil etdiyi qurum tərəfindən aparılan neft strategiyasından danışdı və neft strategiyasının uğurlarının qeyri-neft sektorunun, bütövlükdə ölkənin sürətli inkişafında müstəsna rolunu qeyd etdi. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının təkcə ölkəmiz və region ölkələri üçün yox, dünya üçün əhəmiyyəti olduğunu vurğuladı.
Ulu Öndərin Azərbaycanda sosial-iqtisadi həyatın bütün istiqamətlərinə, o cümlədən neft-qaz sektoruna xüsusi diqqət göstərdiyini qeyd edən Fəxrəddin İsmayılov Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu gün ölkə başçısının iqtisadi sahədə uğurlu yeni strateji hədəfləri neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektorunun inkişaf perspektivlərini müəyyənləşdirdi. Yeni strateji yol xəritələri müəyyən edildi və icrası istiqamətində Dövlət proqramları qəbul edildi. Artan iqtisadi güc ordu quruculuğunda innovativ yanaşmanı təmin etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı və parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi də Heydər Əliyevin neft strategiyasının əsas məqsədlərindən biri idi. Bu Qələbə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndiriməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlamışdır.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi, universitetin Səma rəqs qrupunun ifasında “Azərbaycan” kompozisiyası nümayiş olundu, tələbələrin ifalarında Azərbaycana və Ümummilli Liderə həsr olunan mahnılar və şeirlər səsləndirildi.
 
Mətbuat xidməti
 
 

 

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az