SDU-da “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə infosessiya təşkil olunub
Noyabrın 22-də Sumqayıt Dövlət Universitetində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə “Könüllülük fəaliyyətinin təbliği və təşviqi” mövzusunda universitet tələbələri üçün infosessiya təşkil edilib.
Könüllülük fəaliyyətinin təbliğini həyata keçirmək, tələbə könüllülük fəaliyyəti, şəxsi inkişaf ilə bağlı həvəsləndirici mövzuda çıxışlar etmək, karyerasına könüllülük fəaliyyəti ilə bağlı başlayan gənclərin uğurlarını onlara əyani şəkildə göstərmək, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və gənclərin bu sahəyə marağını artırmaq üçün təşkil olunan infosessiyada SDU-nun əməkdaşları və tələbələr iştirak edib.
İnfosessiya 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin direktor müavini Könül Kərimova, Könüllülər üzrə məsul şəxs, Vətəndaşların qəbulu işinin təşkili sektoru üzrə məsul şəxs Sənan Sadıqov, Vətəndaşların qəbulu işinin təşkili sektoru üzrə baş mütəxəssis Rəşidə Talıblı və Vətəndaşların qəbulu işinin təşkili sektoru üzrə böyük mütəxəssis Türkan Qəhrəmanovanın iştirakları ilə keçirilib.
“ASAN xidmət” mərkəzləri, könüllülük fəaliyyəti və ASAN Könüllüləri haqqında məlumat verən Vətəndaşların qəbulu işinin təşkili sektoru üzrə məsul şəxs Sənan Sadıqov fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında qurulan “ASAN xidmət”in Prezident İlham Əliyevin təşəbbüsü, xalqın rifahı, vətəndaşın rahatlığı üçün yaradıldığını diqqətə çatdırdı. Bu gün gənc könüllülərin ictimai həyatın bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində fəaliyyətə geniş cəlb olunduğunu qeyd edən məsul şəxs hər il yüzlərlə gəncin könüllü şəkildə “ASAN xidmət” mərkəzlərinə gəldiyini, iş qabiliyyətlərini və intellekt səviyyələrini gücləndirdiyini bildirib. Qarşılıqlı əməkdaşlığın Universitetin tələbələrinə gələcəkdə “ASAN xidmət”də həm könüllülər təşkilatında, həm də dövlət strukturlarında işlə təmin olunma imkanları yaratdığını qeyd edən çıxışçı vurğulayıb: “ASAN xidmət Azərbaycan brendi kimi beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraqla qarşılanır”.
Sonra “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
“ASAN xidmət” mərkəzlərinin yarandığı gündən könüllülərin fəaliyyətindən geniş istifadə olunduğunu bildirən SDU Karyera və Məzunlarla iş Mərkəzinin müdiri Nəsibə Əmirbəyova vurğuladı ki, ölkəmizdə könüllülük hərəkatının formalaşması və böyüməsində “ASAN xidmət” və onun könüllülərinin böyük payı var: “Könüllülük fəaliyyəti Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasətinə töhfə vermiş bir təcrübə məktəbidir”.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti