Kibertəhlükəsizlik mövzusunda infosessiya keçirildi
Noyabrın 23-də Sumqayıt Dövlət Universitetində Kibertəhlükəsizliklə bağlı infosessiya keçirildi.
Tədbiri giriş sözü ilə universitetin Karyera və Məzunlarla İş Mərkəzinin müdiri Nəsibə Əmirbəyova açaraq qonaqları və iştirakçıları salamladı, müasir dövrdə artan kibertəhlükələrdən və onlardan qorunmağın vacib nüanslarından danışdı. Bildirdi ki, təlimin keçirilməsində məqsəd universitetin müvafiq və əlaqəli istiqamətlər üzrə təhsil alan tələbələrinə kibertəhlükəsizliyin texnoloji aspektlərini nəzəri və praktiki cəhətdən məlumat verməkdir.
Nəsibə Əmirbəyova onu da qeyd etdi ki, yaxın zamanlarda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının nümayəndələri Sumqayıt Dövlət universitetində olmuş, burada “Kiber klub”un yaradılması və AKTA tərəfindən hər cür təşkilati və informasiya dəstəyi göstəriləcəyi qeyd edilmişdir. Bu gün də klubun ilk təlimidir. O da qeyd olundu ki, “Kiber klub”un keçirdiyi tədbirlər, müsabiqələr, təlimləri təşkil edən şəxs Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Səidə Əhmədovadır.
Sonra MilliSec platformasının təsisçisi və rəhbəri Zaur Qasımov kibertəhlükəsizlik nədir və kibertəhlükəsizliyin strateji əhəmiyyətindən danışdı, bu sahədə tədqiqatların və yüksəkixtisaslı kadr hazırlığının aktual vəzifələrindən bəhs etdi. Bu istiqamətdə gənclərin daim öz üzərlərində işləməli olduğunu vurğulayan Zaur Qasımov kibertəhlükəsizliyin təməlləri, tətbiqi hücum-müdafiə bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə gələcək karyera inkişafı ilə bağlı önəmli məlumatlar verdi.
Əmanətlərin sığortalanması Fondu (ADIF)-də İnformasiya Təhlükəsizliyi mütəxəssisi Süleyman Əliyev “Artmaqda olan kibertəhdidlər fonunda milli iqtisadi təhlükəsizlik:kiberhücumların milli iqtisadiyyatlara təsiri, doğurduğu nəticələr və onların həlləri” mövzusunda çıxış etdi. O, kibertəhlükəsizliyin, kiber təhdidlərin qarşısının alınması yolları, kibertəhlükəsizlik istiqamətində startap layihələrin inkişafı barədə məlumat verdi.
Sonda mövzu ilə bağlı müzakirələr aparıldı və iştirakçıların sualları cavablandırıldı.
Mətbuat xidməti