Gənclər və İdman Nazirliyinin nümayəndələri SDU tələbələri ilə görüşüb
Noyabrın 28-də Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş üzrə sektor müdiri Elnur Abdullayev və Tələbələrlə iş sektorunun əməkdaşı Cəmilə Rzayeva Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüş keçirib.
Əvvəlcə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov nazirlik nümayəndələrini qəbul edərək onlarla bir sıra layihələr üzrə fikir mübadiləsi aparıb. Sonra nazirlik nümayəndələri Mühəndislik fakültəsindəki yeni yaradılmış laboratoriyalarla və universitetin digər maddi-texniki bazası ilə yaxından tanış olublar.
Görüşü giriş sözü ilə açan universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək qonaqları və iştirakçıları salamladı, bildirdi ki, bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur. Bu siyasət gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı geniş məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci elm, mədəniyyət, incəsənət, idman və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Ümumiyyətlə, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür.
Sonra Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş üzrə sektor müdiri Elnur Abdullayev iştirakçıları salamladı və Azərbaycanda gənclər siyasəti və nazirliyin bununla bağlı qarşıya qoyduğu hədəflərdən danışdı. Bildirdi ki, 2023-cü ilin fevral ayından etibarən Gənclər və İdman Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Təsdiq olunmuş struktura əsasən Gənclərlə iş şöbəsinin tərkibində Tələbələrlə iş sektoru yaradılmışdır. Sektorun əsas fəaliyyət istiqaməti respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr arasında dövlət gənclər siyasətini həyata keçirmək və ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında tələbələrin fəal iştirakını təmin etməkdən ibarətdir. Bununla bağlı Tələbələrlə iş sektoru ali və orta ixtisas təhsili müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurur və müxtəlif görüşlər həyata keçirir.
Görüşün sonunda iştirakçıların sualları cavablandırıldı və gələcək lahiyələrlə bağlı fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti