SDU-nun Riyaziyyat fakültəsində elmi seminar təşkil edilib
Noyabrın 30-da Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin Diferensial tənliklər və optimallaşdırma kafedrasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli riyaziyyatçısı, Bakı Dövlət Universitetinin Riyazi kibernetika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Kamil Mənsimovun “Optimal idarəetmə nəzəriyyəsinin yaranma tarixi, inkişafı və müasir problemləri” mövzusunda elmi seminarı keçirildi.
Seminarı giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçılara rektor Rüfət Əzizovun salamını çatdırdı və tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, son illər Sumqayıt Dövlət Universitetində həm tədrisin, həm də professor-müəllim heyətinin elmi fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Beləki, universitetdə vaxtaşırı beynəlxalq və respublika miqyaslı konfranslar, elmi seminarlar təşkil olunur. Bu baxımdan fakültələrdə elmi seminarların təşkil olunması böyük əhəmiyyət daşıyır.
Sonra fakültə dekanı dosent Xalidə Həsənova çıxış edərək, professor Kamil Mənsimovun riyaziyyat sahəsində Azərbaycan elminə qazandırdığı yeniliklərdən danışdı. Bildirdi ki, bu kimi seminarların keçirilməsi, elm adamlarının bir araya gələrək mövzu ətrafında apardıqları müzakirələr bu sahədə biliklərin təkmilləşdirilməsi ilə yanaşı, milli təhsilimizin inkişafına da böyük töhfələr verir.
Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri professor Fikrət Feyziyev Kamil Mənsimovun elmi və pedaqoji fəaliyyəti haqqında qısa məlumat verdi.
Daha sonra professor Kamil Mənsimov tədqiq etdiyi riyazi sahənin aktuallığı və qoyulmuş riyazi problemlərin həlli səmərəliliyinin əhəmiyyətindən, seminar mövzusunun gələcəkdə riyaziyyata gətirəcəyi yeniliklər barədə ətraflı məlumat verdi. Çıxışının sonunda bu sahə ilə məşğul olmaq istəyən gənclərə öz təklif və tövsiyələrini verərək, magistrant və tələbələrin suallarını cavablandırdı.
Sonda Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri, professor Nəbi Qurbanov və Diferensial tənliklər və optimallaşdırma kafedrasının dosenti Xəyalə Seyfullayeva çıxış edərək riyaziyyatçı alim Kamil Mənsimova maraqlı və faydalı seminara görə minnətdarlıqlarını bildirdilər.
Mətbuat xidməti