SDU tələbələr üçün yeni imkanlar açır
Dekabrın 1-də Sumqayıt Dövlət Universitetində Erasmus Tələbə Şəbəkəsi Azərbaycan (ESN Azerbaijan) tərəfindən infosessiya keçirildi.
Görüşdə ESN Azərbaycanın prezidenti Kübra Rəsul, vitse-prezident Nərgiz Əlili, İnsan Resursları üzrə koordinator Alim Əsgərov, Erasmus Həmrəylik Korpusu (Erasmus Solidarity Corps) məzunu Xəyal Məhərrəmli, mübadilə çərçivəsində xaricdə təhsil almış Lalə Səlimli və SDU-nun tələbələri iştirak etdilər.
Tədbirin məqsədi SDU-nun beynəlmillələşmə istiqamətində qəbul olunmuş dövlət proqramları və universitetin qarşıya qoyduğu əsas strateji hədəflər çərçivəsində Erasmus mübadilə proqramı tərəfindən tələbələr üçün təklif olunan imkanlar, proqrama müraciət yolları haqqında geniş məlumat vermək idi.
Mübadilə imkanları barədə təqdimatla çıxış edən ESN nümayəndəsi ESN Azərbaycanın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə də tələbələri məlumatlandırdı.
Həmçinin Erasmus mübadilə proqramına müraciət üçün lazım olan sənədlər, proqrama daxil olan ölkələr, proqramın müddəti haqqında zəruri informasiyalar iştirakçıların diqqətinə çatdırıldı. Tədbirdə eyni zamanda ESN Azərbaycanın növbəti Təşəbbüs Qrupu-nun SDU-da yaradılması təklifi də müzakirə olundu.
Daha sonra mübadilə çərçivəsində xaricdə təhsil almış tələbələr öz təcrübələrini bölüşdülər, tələbələri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, ESN-in Azərbaycan universitetlərində ilk Erasmus ofisi ADA universitetində, Təşəbbüs qrupları isə UNEC və Xəzər Universitetində yaradılıb.
Mətbuat xidməti