SDU-da “Şuşa xarıbülbülün vətənidir” adlı tədbir keçirildi
Dekabrın 1-də Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunmuş “Şuşa xarıbülbülün vətənidir” adlı tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Fakültə dekanı, Əməkdar müəllim professor Adil Baxşəliyev çıxış edərək iştirakçıları salamladı, 2023-cü ilin Azərbaycan və Türk dünyası üçün mühüm tarixi hadisələrlə zəngin olduğunu bildirdi. Qeyd etdi ki, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi və Şuşada bir araya gəlməyimiz qürurvericidir. 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək.
Professor Adil Baxşəliyev onu da qeyd etdi ki, Türkiyə - Azərbaycan dostluğu və qardaşlığı zaman keçdikcə daha da dərinləşir. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bundan sonrakı hədəfimiz isə Türk dünyasında münasibətlərimizi daha da inkişaf etdirməkdir.
Sonra “Türk dünyasının mədəniyyət paytaxtı” - Şuşaya həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbirdə Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Zəfərin simvolu Şuşa”, magistrant Ayşə Əmrahova “Şuşanın mədəniyyəti və incəsənəti” mövzularında çıxış etdilər. Ümummilli Lider Heydər Əliyev siyasətindən, Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə dağıntılara məruz qalmış tarixi abidələrdən, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun böyük Zəfərə imza ataraq, bizə qələbə sevinci yaşatmasından söhbət açdılar.
Tədbir bədii hissə ilə davam etdi. Tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, “Xudayar təsnifi” ifa olundu, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsərindən səhnəcik nümayiş olundu.
Mətbuat xidməti