Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Süni intellekt və onun tətbiq sahələri” mövzusunda I Respublika elmi konfransı keçirilib
Yerləşdirilmə tarixi : 07 Dekabr 2023 15:06
SDU-da “Süni intellekt və onun tətbiq sahələri” mövzusunda I Respublika elmi konfransı keçirilib
Dekabrın 7-də SDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  “Süni intellekt və onun tətbiq sahələri” mövzusunda I Respublika elmi konfransı keçirildi.
Konfransda ölkəmizdəki qabaqcıl ali təhsil müəssisələrinin struktur rəhbərləri və professor-müəllim heyəti ilə yanaşı, İtaliyanın Trento Universitetinin, Bolqarıstanın Varna Texniki Universitetinin, Ufa Elm və Texnologiyalar Universitetinin alimləri ənənəvi olmaqla yanaşı, onlayn formatda da iştirak etdilər.
Elmi konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə SDU-nun Rektor müşaviri dosent Elşad Abdullayev açaraq iştirakçılara rektor Rüfət Əzizovun salamını çatdırdı və konfransın işinə müvəffəqiyyətlər arzuladı. “Heydər Əliyev İli” çərçivəsində respublikamızda və ölkə xaricində müxtəlif tədbirlərin keçirildiyini qeyd edən dosent Elşad Abdullayev bildirdi ki, hər bir Elmi Tədqiqat İnstitutunun və universitetin mühüm vəzifələrindən biri də müxtəlif sahələr üzrə elmi tədqiqatlar aparmaq və dünya elminə öz töhvələrini verməkdir. Məqsəd siyasət və hərb sahəsində dünyada sözümüzü dediyimiz kimi elm sahəsində də öz gücümüzü göstərmək olmalıdır. Nüfuzlu dünya alimləri sırasında azərbaycanlı alimlərin də olması sevindirici haldır. Bugünkü konfransın istiqamətinə uyğun olaraq Lütfi Zadənin adının çəkilməsi məncə bu nüfuzu göstərmək üçün kifayətdir. Aparılan elmi tədqiqatların genişləndirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması ölkə rəhbərliyinin qarşımıza qoyduğu ən mühüm məsələlərdəndir. Bu cəhətdən keçirilən elmi konfranslar çox əhəmiyyətlidir. Konfransın istiqamətlərinə uyğun olan süni intellekt, qabaqcıl texnologiyaların tətbiqi, kibertəhlükəsizlik problemlərinin həlli yollarının araşdırılması, Azərbaycan dövlətinin milli və strateji maraqlarını əsas tutan tədqiqatların aparılması prioritet sahələrdəndir.
Rektor müşaviri onu da qeyd etdi ki, dünyada universitetlərin reytinqinin formalaşmasında aparılan elmi tədqiqatlar, nüfuzlu jurnallarda çap olunan məqalələr mühüm rol oynayır. Bu səbəbdən elmi tədqiqatlarımızın intensivləşdirilməsi, innovativ xarakterli elmi-tədqiqat layihələrinin dəstəklənməsi, aktual və müasir elmi problemlərin həllinə yönəlik elmi tədqiqatların aparılması vacibdir. Bu fəaliyyətlər nəticəsində növbəti ildən etibarən “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan nəşrlərdə çap edilən məqalələrin sayının artırılmasına, universitetimizin dünya universitetləri arasında özünəməxsus reytinqinin formalaşdırılmasında mühüm rol oynayacaq.
ADA Universitetinin İnformasiya texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov onlayn təqdim etdiyi çıxışında süni intellektin yaranma tarixi, inkişaf mərhələləri və müasir vəziyyəti, ölkəmizdə bu istiqamətdə aparılan tədqiqatlar, həyata keçirilən dövlət siyasəti, eləcə də süni intellektin inkişaf perspektivləri haqqında məlumat verdi. Qlobal texnoloji çağırışlar və transformasiyalar kontekstində dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər mühüm konseptual sənədlərin qəbul olunduğunu qeyd edən natiq ölkəmizdə qabaqcıl texnologiyaların, xüsusilə də, süni intellekt texnologiyalarının inkişafına böyük diqqət yetirildiyini vurğuladı.
Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev öz çıxışında konfransa respublikanın dövlət və özəl universitetlərindən 34, eləcə də digər müəssisələrdən 108, xarici ölkələrin elmi müəssisələrindən 3, Rusiya Federasiyasından 6, İtaliyadan 1, Bolqarıstandan 1, ümumilikdə isə 197 müəllifin 116 məruzə materialı qəbul edildiyini bildirdi.
Dosent Ulduz Ağayev konfransın işini 4 bölmə - Süni intellektin infrastrukturu, Süni intellektin modelləşdirmə üsulları və vasitələri, Mühəndis hazırlığında süni intellekt,Tətbiqi intellektual sistemləri üzrə iki gün davam etdirəcəyini, bölmələrdə mövzuların müzakirə olunacağını qeyd etdi.
Plenar iclasda Sumqayıt Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının professorları Məhəmməd Əhmədov və Aqil Hüseynov “Süni intellekt sənaye inqilablarının inkişafının hərəkətverici qüvvəsidir”, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri doktoru Fərhad Paşayev “Pilotsuz uçuş aparatları parkının tərkibinin təyin edilməsi alqoritmləri”, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev “İqtisadi qərar qəbuletmə proseslərində süni intellekt texnologiyalarının işlənilməsi məsələləri”, Ufa Elm və Texnologiyalar Universitetinin Hesablama riyaziyyatı və kibernetika kafedrasının müdiri dosent Marat Boqdanov “Методы искусственного интеллекта в задачах бесконтактной биометрической идентификации” mövzularında məruzə etdilər.
Məruzəçilər süni intellektin inkişaf mərhələləri, onun məhdudlaşdırılmış, ümumi, superintellekt kimi növləri, tədqiqat sahələri, ekspert sistemlər, neyron şəbəkələr, qeyri-səlis məntiq, təbii dilin emalı, robotexnika haqqında çıxış edərək süni intellektin imkanlarından danışdılar.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az