Mediasiya Şurası SDU tələbələri ilə maarifləndirici görüş keçirib
Dekabrın 8-də Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhər 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü ilə mediasiya ilə bağlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə universitetin professor-müəllim və tələbə heyəti ilə yanaşı, Mediasiya Şurasının üzvləri: Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və həmin təşkilatın mediatorları- Qabil Əsgərov, Elçin Hüseynov, Vüsalə Nəcəfova iştirak etdilər.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov tədbiri açaraq iştirakçılara rektor Rüfət Əzizovun salamını çatdırdı. Azərbaycanda mediasiyanın inkişafının və bu sahədə islahatların intensiv xarakter aldığını önə çəkərək mediasiya ilə bağlı müvafiq qanunvericilik aktlarının qəbul olunduğunu dedi. Tədbirin əhəmiyyətini qeyd edən prorektor əsas məqsədin gənclərin mediasiya və onun önəmi ilə bağlı məlumatlılığının artırılması olduğunu bildirdi.
SDU-nun Baş hüquqşünası dosent Əminə Həsənovanın moderatorluğu ilə davam edən tədbirdə mediasiya ilə bağlı maarifləndirici görüşlərin xüsusi əhəmiyyəti vurğulandı. Mediasiyanın faydası və gələcək perspektivləri barədə tələbələrə ətraflı məlumat verildi. Bildirildi ki, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir.
Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov görüş zamanı gənclərimizə mediasiyanın anlayışı, mediasiya proseduru, işin mediasiyaya yönəldilməsi, mübahisələrin həllində və gərginliyin azalmasında mediasiyanın əhəmiyyətli rolu, mediasiya qanunvericiliyi və digər məsələlər barədə ətraflı məlumat verdi. Gələcəkdə mediasiya sahəsinin gənclər üçün perspektivli peşə sahəsi olduğunu vurğuladı.
Sonda iştirakçıların sualları cavablandırıldı.
Mətbuat xidməti