SDU-da tələbələr arasında Qılıncoynatma üzrə yarış keçirilib
Dekabrın 9-da Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində tələbələr arasında Qılıncoynatma üzrə yarış keçirildi.
Yarışdan öncə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək ölkədə idmanın kütləviliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən bəhs etdi və qılıncoynatma yarışlarının əhəmiyyətindən danışdı. Bildirdi ki, dövlətimiz qədim idman ənənələrinə malik və zamanla idmanın inkişafı naminə bütün qüvvəsini səfərbər etmiş ölkələrdən olmuşdur. Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmişdir. Qılıncoynatma, bəzən də “qılıncbazlıq” adlandırılan idman növü qılıncla döyüş fəaliyyətidir. Prezident cənab İlham Əliyevin dəstəyi ilə idmanın bu növü üzrə mühüm irəliləyişlər əldə olunub. Bu gün ölkəmizdə idmanın bu növünün inkişafı və kütləviliyinin artırılması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində şahmat, futbol, badminton, stolüstü tennis, atıcılıq, qılıncoynatma və s. idman bölmələri fəaliyyət göstərir. Elə yarışın keçirilməsində məqsəd qılıncoynatma üzrə istedadlı tələbələrin aşkar edilməsi və qılıncoynatma oyununun təbliği və inkişaf etdirilməsidir.
Prorektor çıxışının sonunda mübarizə aparan iştirakçılara uğurlar arzuladı.
Sonra tələbələrin iştirakı ilə sablya növü üzrə keçirilən yarışlara start verildi.
Yarışın nəticələrinə əsasən 1-ci yerə 952 saylı qrup tələbəsi İsmayılova Sehran, 2-ci yerə 951 saylı qrup tələbəsi İsmayıllı Elnarə, 3-cü yerə 934 saylı qrup tələbəsi Məcnunlu Mükafat və 953 saylı qrup tələbəsi Məmmədova Qumru layiq görüldü.
Mətbuat xidməti