Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi
Yerləşdirilmə tarixi : 12 Dekabr 2023 16:22
SDU-da Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi
Dekabrın 12-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Liderlik fenomeni və Heydər Əliyev” mövzusunda növbəti məşğələ keçirildi. Tədbirdə YAP Sumqayt şəhər təşkilatının sədri Ramiz Hüseynov, universitetin professor və müəllim heyəti iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin universitetin foyesində ucaldılan büstü önünə gül dəstələri düzərək əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə SDU-nun rektoru Rüfət Əzizov açaraq iştirakçıları salamladı, Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışdı. Bildirdi ki, universitetin Heydər Əliyev məktəbinin hər məşğələsi Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyətinin müəyyən bir sahəsinə həsr olunur, budəfəki məşğələ də “Liderlik fenomeni və Heydər Əliyev” mövzusunu əhatə edir. Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və müstəsna fəaliyyətinin xalqımızın milli sərvəti kimi gələcək nəsillər üçün ciddi elmi araşdırmalar mövzusu olduğunu vurğulayan rektor Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini diqqətə çatdıraraq gənclərin Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində ali təhsil ocaqlarının üzərinə düşən önəmli vəzifələri vurğuladı. Qeyd etdi ki, 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. Bu istiqamətdə Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər həyata keçirilir, zəngin irsi araşdırılır.
Rektor Rüfət Əzizov onu da əlavə etdi ki, Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. XX əsrin 60-cı illərinin sonlarından başlayaraq 35 ilədək bir müddətdə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilə xalqımız ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük dirçəlişə nail olub. Ölkə iqtisadiyyatının sürətli inkişaf strategiyasını gerçəkləşdirən Ulu Öndər Azərbaycanı tarixin sərt sınaqlarından inamla çıxarıb.
Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğuna diqqət çəkən rektor işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirdi. Bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandğı Şanlı zəfəri ilə başa çatdırıldığını dedi. Bu gün qələbəmizin təntənəsi olaraq üçrəngli bayrağımız Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada, Xankəndidə  qürurla dalğalanır.
YAP Sumqayt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışdı. Qeyd etdi ki, Ulu Öndər Azərbaycanın ən çətin illərdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək ölkədə hökm sürən xaos və anarxiyanın qarşısını aldı, ölkəmizi inkişaf yoluna çıxardı. Ramiz Hüseynov  onu da qeyd etdi ki, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə Ulu Öndərin yaratdığı şanlı tarixi yaşatmaqla birlikdə, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur.
Sonra Pedaqogika və psixologiya kafedrasının dosenti Sevər Mirzəyeva “Heydər Əliyev şəxsiyyəti: Xarizmatik liderin səciyyəvi cəhətləri” mövzusunda geniş məruzə etdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açdı. Bildirdi ki, Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, müdrikliyində və milli məfkurəyə bağlılığında idi. İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Afət Rəfiyeva “Liderliyin bədii ədəbiyyatda təcəssümü və Heydər Əliyev obrazı”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi İlahə Musayeva “Siyasi liderlikdə natiqlik məharəti”, Filologiya fakültəsinin IV kurs tələbəsi Günel Əliyeva “Heydər Əliyev və gənclər siyasətinin istiqamətləri” mövzularında apardıqları araşdırmalar əsasında təqdimatla çıxış edərək dahi liderin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən bəhs etdilər. 
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az