Süni intellektə dair növbəti təlim
Dekabrın 14-də Sumqayıt Dövlət Universitetində Riyaziyyat fakültəsinin İnformatika kafedrasının təşkilatçılığı ilə “Süni intellekt - İmkanlar və gözləntilər” mövzusunda təlim keçirildi.
Tədbiri fakültə dekanı dosent Xalidə Həsənova açaraq təlimin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, son zamanlar süni intellekt texnologiyaları insanların həyatına sürətlə daxil olur. Yeni texnologiyalar dünya ölkələrinin siyasətinə təsir edir, dövlətlərin strateji potensialını müəyyənləşdirir. Süni intellekt texnologiyalarından həm hərbi, həm də mülki məqsədlərlə geniş istifadə olunur. Artıq bəşəriyyətin inkişafının bu mərhələsində süni intellekt insanların ailə və cəmiyyət, hakimiyyət və vətəndaş münasibətlərinə güclü təsir edərək yeni reallıqlar yaratmaqda, dövrümüzün ideologiyasına çevrilməkdədir. Sevindirici haldır ki, artıq ölkəmizdə süni intellekt ideyalarının əhəmiyyətini, üstünlüklərini hər kəs anlayır, gənclərimiz bu texnologiyalara böyük həvəs göstərirlər. Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Sabahın alimləri” müsabiqəsi, şagirdlərə, tələbələrə rəqəmsal bilik və bacarıqların aşılanması layihəsi olan STEAM kimi təşəbbüslər gənclərin bu sahəyə marağının artırılmasına böyük dəstək verir.
İnformatika kafedrasının baş müəllimi, təlimçi Aygün Tağıyeva süni intellekt nəzəriyyəsinin yaranma tarixi, elmi-nəzəri əsasları, müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, həmçinin Azərbaycanda bu sahədə görülən işlər haqqında ətraflı məlumat verdi. O, tədrisdə, sənayedə istifadə olunan süni intellekt sistemlərinə aid əyani nümunələr göstərərək, istehsalatda vaxta, enerji resurslarına və büdcə vəsaitlərinə qənaət edilməsində süni intellektin mühüm rolu olduğunu bildirdi.
Fakültənin tələbəsi Mehin Əsgərova “Süni intellekt” mövzusunda hazırladığı təqdimatla çıxış etdi, iştirakçılara süni intellektin əhəmiyyəti və problemləri, fəlsəfi mahiyyəti haqqında məlumat verdi.
Diskussiya şəklində davam edən təlim iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşdı.
Mətbuat xidməti