SDU Ağsaqqallar Şurası “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirdi
Ağsaqqallar Şurasının təşkilatçılığı ilə dekabrın 15-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur” mövzusunda tədbir keçirildi.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov tədbir iştirakçılarını salamlayaraq onlara rektor Rüfət Əzizovun salamlarını çatdırdı, cari ildə Ümummilli Liderin 100 illiyi ilə bağlı universitetdə silsilə tərbirlərin təşkil olunduğunu xatırlatdı. SDU-da bir qərinədən artıq müddətdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmaqla bərabər, tələbələrə bilik verən, gənc həmkarlarına nümunə olan ahıl müəllim-professor heyətinin olduğunu qeyd edən prorektor onların toplaşdığı Şuranın təşkil etdiyi tədbirin xüsusilə ibrətamiz olduğunu bildirdi: “Bu müəllim-professorlar 1969-cu ildən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci dəfə siyasi hakimiyyətə gəldiyi vaxtdan bəri elm-təhsilimizin inkişaf prosesinin, həmçinin aqrar ölkədə 4-cü sənaye inqilabına qədər gələn yolun və bu dövrdə inkişafın canlı şahidləridir”.
SDU Ağsaqqallar Şurasının sədrinə və hörmətli üzvlərinə təşkilatçıları olduqları tədbirə görə təşəkkür edən Elmar Xəlilov onları və iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni İl münasibəti ilə təbrik etdi, uğurlar arzuladı.
SDU Ağsaqqallar Şurasının sədri, Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev “Heydər Əliyevin nəsillərə örnək həyat yolu” mövzusundakı çıxışına Ümummilli Liderin “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” fikri ilə başladı. Prezident İlham Əliyevin ağsaqqallara böyük diqqət göstərdiyini, onları mənəvi sərvət kimi dəyərləndirdiyini qeyd edən professor gənclərə Heydər Əliyev irsini dərindən mənimsəməklə əsl vətənpərvər olmağın mümkünlüyünü bildirdi.
SDU Ağsaqqallar Şurasının sədr müavini, Proseslərin avtomatlaşdırılması kafedrasının professoru Əli Nağıyev, SDU Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmin Novruzlu çıxış edərək Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolunu təkrarsız dövlətçilik ənənələri ilə məktəb olaraq daim yaşayacağını və gələcək nəsillərə örnək olacağını qeyd etdilər.
Mətbuat xidməti